“Gürcüstanda “SOCAR”ı görəndə ürəyim açıldı” - Spiker

gurcustanda-socari-gorende-ureyim-acildi
Oxunma sayı: 1125

Bu gün Milli Məclisdə Azərbaycan və Gürcüstan parlamentinin sədrlərinin görüşü keçirilib. “Qafqazinfo” xəbər verir ki,görüşdə çıxış edən Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov bildirib ki, Azərbaycan və gürcü xalqlarının dostluğunun qədim tarixi var, həmişə çətin gündə bir-birimizə dayaq olmuşuq:

“Belə ki, həm Azərbaycan, həm Gürcüstan müstəqillik əldə etdikdən sonra münasibətlərimiz inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Çox sevindirici haldır ki, dövlət başçıları çoxsaylı qarşılıqlı səfərlər edib, görüşlər keçirib. Bu, strateji əməkdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir. Çox şadıq ki, siyasi əlaqələrimizlə bərabər iqtisadi əlaqələrimiz də inkişaf edib. 2018-ci ildə ticarət dövriyyəsi 590 milyon dollardan çox olub. Bu dövrlər ərzində Azərbaycan Gürcüstanda əsas investorlardan biri olub. Azərbaycan Gürcüstana 3 milyard dollara qədər investisiya qoyub. Bu ilin ilk ayları göstərir ki, aprel ayına qədər ticarət dövriyyəsi 243 milyon dollar olub. Bu il ticarət dövriyyəmizin daha yüksək olacağını gözləyirik. 

Mən son dəfə Gürcüstana səfər edəndə Tiflisdə bir çox SOCAR yanacaqdoldurma məntəqələri görəndə ürəyim açıldı. Bildim ki, SOCAR Gürcüstanda böyük işlər görür. 

Deputatlarımız bir çox parlament assambleyalarında bir-birlərinin mövqelərini həmişə dəstəkləyirlər. Mən ikitərəfli görüşdə də dedim ki, bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər. Çox təəssüflər olsun ki, Azərbaycan və Gürcüstan separatizmlə, ərazi itkisi ilə qarşılaşıblar. Biz inanmaq istəyirik və ümidimizi itirməmişik ki, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze qəbula görə təşəkkür edib: “Bizim çox gözəl siyasi münasibətlərimiz var. İlk növbədə bu, çox gözəl ikitərəfli əlaqələrdir. Azərbaycan tərəfimizdən Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq çox əhəmiyyətlidir. Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünə anoloji qaydada yanaşır. 

Biz də ümid edirik ki, bu münaqişələr sülh yolu ilə həll olunacaq. 

Şadıq ki, Azərbaycan investorları Gürcüstanda geniş təmsil olunublar. Biz çalışırıq ki, Azərbaycan şirkətləri üçün ölkəmizdə yaxşı şərait yaradaq. Biz bürokratik məsələləri də yaxşılaşdırmaq istəyirik. Gürcüstan biznesin inkişafına görə dünyada 6–cı yeri tutur. Bu, Azərbaycan şirkətlərinin daha da fəallaşmasına kömək edəcək”.

 Günel Türksoy