Həbs xəbəri Abramoviçi 132 milyon dollar ziyana saldı

hebs-xeberi-abramovici-132-milyon-dollar-ziyana-saldi
Oxunma sayı: 637

Belə ki, Abramoviçin həbsi barədə xəbər dünya KİV-lərində ildırım sürəti ilə yayılarkən London birjasında ona məxsus şirkətlərin səhmləri 1 saatın ərzində 6 faizə qədər ucuzlaşıb. Hissələrinin 30 faizdən çoxu Abramoviçə məxsus olan və Rusiyada “Nornikel” də daxil olmaqla, nəhəng metallurgiya konsernlərini özündə birləşdirən “Evraz Group”un səhmlərinin sürətlə aşağı düşməsini ancaq axşam saatlarında FTB-dən milyarderin həbsi barədə xəbərlərə verilən təkzib dayandırıb.

Abramoviçin vəkili və onu biznes aktivlərini idarə edən Con Mann Rusiya mətbuatına bildirib ki, onlar xəbəri ilk yayan RBK TV barəsində məhkəməyə müraciət etməyi müzakirə edirlər. C.Mann israrla bildirib ki, FTB, ümumiyyətlə, Abramoviçlə maraqlanmayıb və bəzi mənbələrin bildirdiyi kimi, Nyu York aeroportunda onun şəxsi təyyarəsini saxlamayıb. Bununla belə, C.Mann Abramoviçin xəbər yayılan saatlarda həqiqətən Nyu Yorkda olduğunu təsdiq edir.

Qeyd edək ki, xəbər yayılanda Abramoviçin saxlanılmasının mümkün səbəblərindən biri kimi digər rusiyalı milyarder Boris Berezovskinin Londondakı müəmmalı ölümü göstərilirdi. Belə ki, Berezovski ötən il Abramoviçlə Londonda məhkəmə çəkişməsinə girib. Berezovski iddia edirdi ki, Abramoviç ona məxsus aktivləri mənimsəyib. Lakin məhkəmə prosesi Berezovski üçün uğursuz olub və sonda onun özü Abramoviçə 5 milyard dollar ödəməyə məhkum edilib. Bu uğursuz məhkəmə çəkişməsi Berezovskini sarsıdıb və o depressiyaya düşüb. Maraqlıdır ki, Abramoviçin həbsi xəbərini təsdiqləyən yeganə mənbə də Berezovskinin rusiyalı vəkili Aleksandr Dobrovinski olub. O deyib ki, Abramoviç Rusiyanın futbol üzrə 2018-ci il dünya çempionatına ev sahibliyi hüququnu əldə etməsi ilə bağlı şübhələri araşdırmaq üçün FTB-yə çağırılıb. Lakin Abramoviçin bu məsələyə nə dəxli olduğu aydın deyil. Digər maraqlı məqam budur ki, Abramoviç özü həbsi barədə xəbərləri öz dilindən dünənə qədər heç yerdə təkzib etməmişdi və onun adından yalnız vəkili danışırdı.

RİA Novosti agentliyinin əməkdaşı isə Nyu Yorkdan yazır ki, Abramoviçin həbsi barədə xəbərlərin yayıldığı saatlarda onun uzunluğu 160 metrdən çox olan, bəzi məlumatlara görə yarım milyard dollara başa gələn nəhəng yaxtası “Eclipse” Qudzon körfəzində lövbər salmışdı. Jurnalistin bildirdiyinə görə, sahibinin həbsi barədə xəbərlərin ildırım sürəti ilə KİV-lərdə dolaşdığı bir vaxtda yaxtada heç bir həyat əlaməti müşahidə edilmirdi. Yaxtanın ətrafında polislər də gözə dəymirdi, Abramoviçin ekstremal vəziyyətlərdə yaxtanı tərk etməsi üçün nəzərdə tutulan mini sualtı-qayığı isə göyərtədə gözə dəyirdi. Bildirilir ki, Abramoviçin yaxtası fevralın 14-də Nyu Yorka yan alıb. Amerika mətbuatı yazır ki, Abramoviçin yaxta ilə Nyu York sahilinə yan alması onun rəfiqəsi Daryanın yaxınlarda uşaq dünyaya gətirməyə hazırlaşması ilə bağlıdır. Jurnalist yaxtanın mühafizəçisinə yaxınlaşıb və ondan “kimisə yaxtadan əlində qandal aparıb-aparmadıqları” barədə soruşub. Mühafizəçi isə “görməmişəm, bilmirəm, heç nə deyə bilmirəm” cavablarını verib. Bildirilir ki, Qudzon limanından yaxtaya yaxınlaşmaq mümkün deyil və keçid metal çərçivə ilə bağlıdır./musavat.com/