Hər gün sənin şəkillərini öpürəm!

her-gun-senin-sekillerini-opurem
Oxunma sayı: 4183

Qan Turalı 

12 fevralda Cəfər Cabbarlının qızı Gülarə xanım 88 yaşında vəfat etdi.

Cəfər Cabbarlı vəfat edəndə Gülarənin cəmi 4 yaşı vardı.

Bu vəsilə ilə Cəfər Cabbarlını xatırlayaq. 

Cəfər Cabbarlı aramızdan çox vaxtsız getdi.

“Qısa və qaynar” həyat yaşamışdı.

Azərbaycan ədəbiyyatında heç bir sima Cəfər Cabbarlının gənclik entuziazmına yetişə bilmədi.

“Aydın”ı yazanda cəmi 20 yaşı var idi.

(Yeri gəlmişkən, Cəfər Cabbarlı oğlunun adını Aydın qoymuşdu.

Aydın uşaq ikən “Bismillah” filmində çəkilmişdi.

1999-da vəfat etdi, tibb elmləri namizədi idi)

Səməd Vurğunla bağlı bir əhvalat danışırlar. 

Cəfər Cabbarlının ölümündən bir az sonra Səməd Vurğun Yazıçılar Birliyinə gəlir. 

Görür ki, yaman tünlükdür, soruşur ki, nə məsələdir.

Deyirlər, gənc dramaturqlarla görüşdür.

Səməd Vurğun başını bulayıb deyir: “Allah gərək bunları öldürüb bir Cəfəri sağ saxlayaydı”.

Cəfər Cabbarlının təlatümlü həyatı bir yazının sərhədlərinə sığmaz.

Ona görə də bir ata, bir oğul və bir ər kimi Cəfər Cabbarlının tanıyaq.

Cəfər Cabbarlının həyat yoldaşı Sona Cabbarlı 1979-cu ildə “Onu kim unudar” adıyla həyat yoldaşınının xatirələrini kitablaşdırdı.

Bu kitabı XAN nəşriyyatı 2017-ci ildə yenidən çap edib.

Kitabı oxuduqca Cəfər Cabbarlının bir insan kimi portreti açılır. 

Azərbaycan ədəbiyyatının ən gözəl “Ana” şeirlərindən birini bəlkə də birincisini Cəfər Cabbarlı yazmışdı.

Anası öləndə Cəfər Cabbarlı 25 yaşında idi.

“Od gəlini” üstündə işləyirdi.

Bu ölüm ona çox dəhşətli təsir etdi.

Heç harda özünə yer tapa bilmirdi.

Tez-tez qəbristanlığa gedirdi.

Anasının qəbrinin üstündə ağlayırdı.

Saatlarla anasının qəbrinin üstündə otururdu.

Bu ziyarətlərə uzun müddət davam etdi.

Axırda qohum-əqrabanın təkidi ilə Cəfər haçandan-haçana yasdan çıxdı.

Yenidən “Od gəlini” üzərində işləməyə başladı.

İşdən gəlib bir az yatır, sonra sabaha qədər pyesin üzərində çalışırdı.

Adətən pyeslərini sürətlə yazan Cəfər Cabbarlı bu pyesin üzərində üç il çalışmışdı.

Təkcə Elxanın yarım səhifəlik monoloqunu 7-8 variantda yazmışdı.

Bu monoloqun üstündə üç gecə çalışmışdı.

Anasının yasından əsər üzərində gərgin əməklə çıxa bildi.

Anası öləndə Cəfər 25 yaşında idi.

Üç ildi evlənmişdi, oğlunun bir yaşı vardı.

Cəfər belə oğul idi...

Cəfər Cabbarlı 23 yaşında evlənmişdi.

Sona xanım onun soyadını götürməmişdi, Sona xanımın öz soyadı da Cabbarlı idi.

Əmioğlu-əmiqızı idilər.

Aralarında 6 yaş fərq vardı.

Əvvəlcə Sona onunla evlənmək istəmirdi.

Amma Cəfəri çox istəyirdi.

Çünki Cəfər onlar üçün şeir oxuyurdu.

Dərslərinə kömək edirdi.

Məktəbdəki tamaşalarda rollarını hazırlaşdırırdı. 

Cəfər hələ yeniyetmə olandan gizli şəkildə siqaret çəkirdi.

Sona da Cəfərin bacısı Törə ilə ona siqaret bükürdülər.

Çəkməsə heç nə yaza bilmirdi.

Yaza-yaza da durmadan siqaret çəkirdi.

1927-ci ildə Cəfər Cabbarlının ürəyi ağrıyırdı.

Həkimə getdilər.

Həkim siqaret və içkini atmağı məsləhət gördü.

Cəfər ikisini də daşını atdı.

Düz üç il.

Amma bu üç il ərzində (1927-1930) ilhamı bulaq kimi çağlayan dramaturq bir sətir də yaza bilmədi.

Yenidən siqaret çəkməyə başladı.

“Sinəsinə tüstü getməmiş sinəsindən söz çıxmırdı”. (Cəfər kimi erkən dünyadan köçən Əli Kərimin misrasıdır)

Və yenidən yazmağa başladı.

Cəfər Cabbarlı formaya sığmırdı.

Şeir, hekayə, pyes, ssenari, məqalə, tərcümə...

Romandan başqa bütün janrlarda özünü sınamışdı.

Və sınamaq nədir, hamısından üzüağ çıxmışdı.

Misal üçün adi bir hadisə...

Bir gün evə tutqun gəlir Cəfər.

Sona səbəbini soruşur.

Cəfər Cabbarlı belə bir hadisə danışır:

“Bir kişi qucağında qızı küçədə yıxıldı, qıçı sındı. Qıçı sınmağına baxmayaraq qızını sinəsinə basıb hönkür-hönkür ağladı”.

Bu hadisə yazıçının daxili dünyasını sarsıtmışdı.

O bir neçə gündən sonra Azərbaycan hekayə sənətinin ən gözəl nümunələrindən birini, “Dilarə”ni yazdı.

Cəfər Cabbarlı bu cür dərin duyğularla yaşayan insan idi.

Səfərə gedəndə arvadına sonra oxuyub-yazmağı öyrənən oğlu Aydına məktublar yazırdı.

Sonaya məktubundan:

“Ömründə ilk dəfə mənə “Cəfərciyim” yazmısan. Ancaq ona görə məktubu dörd-beş dəfə oxudum. Mən sənsiz ağlamışam, sonra sən də ağlamısan. Nahaq yerə. Mən naxoşdum, sən burda yoxdun, fikirləşdim, ölərəm səni görmərəm, ürəyim nazikləşdi. Bir də Gülarə oturmuşdu, əllərini bir-birinə çatmışdı, şeytan kimi üzümə baxırdı, gözlərini də bərəltmişdi. Lap ürəyim nazikləşdi, ona görə ağladım.(O bu yerdə Gülarənin xəyalından danışır, Gülarə anasının yanındadır, məktubun sonunda ona salam göndərir-Q.T.)

Ölümündən iki il əvvəl yazdığı başqa bir məktubdan:

“Sən mənim qucağımda böyümüsən və çox güman ki, mən sənin qucağında öləcəyəm... Hər gün sənin və Gülarənin şəkillərini götürüb öpürəm, öpürəm, yenə də gedib işləyirəm. Yorulanda yenə şəkillərinizi götürüb öpürəm. Başqa kimim var?... Sonası, mən istəyirəm dünyada sənin ürəyində bir arzu qalmasın. Mən istəyirəm ki, həyatın boş keçməsin. Mənim ümidim, sığınacaq yerim bircə sənsən!...”

1934-cü ilin son günləri idi. Sona xanım Gülarəni həkimə aparmağa hazırlaşırdı. O günlərdə Cəfər Cabbarlı “Almas” filmində ikinci rejissor kimi çalışırdı. Cəfər də evə kinostudiyanın işçiləri ilə gəlir. Üzündə, gözlərində əzginlik vardı. İş vaxtı yıxılmışdı, dərman vermişdilər. Sabahısı gün istirahət elədi. Biri gün işə çıxdı. Günorta qayıtdı. Özünü pis hiss edirdi. Sona həkim çağırmaq istədi, icazə vermədi. Bir az yuxuladı, saat doqquzda oyandı, dərman içdi. Bacısı Törə də onlarda idi. Dərmanını içib dedi:

-Yuxuda görürəm, mən ölmüşəm, siz ağlayırsız, sizə “Ağlamayın” demək istəyirəm, amma deyə bilmirəm. Axırda bütün qüvvəmi toplayıb sizə “Ağlamayın” dedim. 

Bir az susub sonra dilləndi:

-Əgər işdir, birdən ölüb-eləsəm uşaqlardan muğayat olun. 

Saat onda yenidən yatağa girib yatdı. Qalanını Sona xanımdan dinləyək:

“Gecənin bir yarısı sanki məni yuxudan oyatdılar. Bir az yerimin içində oyaq qaldım. Birdən, elə bil, evin qaranlığı məni vahiməyə saldı. Tez Cəfəri çağırmağa başladım. Ondan cavab almadım. Cəfər çox sayıq yatırdı və həmişə belə hallarda səsimə səs verərdi. Bir az da bərkdən çığırdım, yenə cavab almadım. Onun zarafat etdiyini və məni qorxutmaq istədiyini düşünüb ayağa qalxdım və təzədən çağırdım. Yenə də ondan səs çıxmadı.

İşığı yandırdım, onun yatağı üzərinə əyildim. Sanki bərk yatmışdı. Üzü gülümsər bir vəziyyətdə idi, gözləri yumulu idi. Hər gözünün kənarında bir damla yaş parıldayırdı. Gözlərimə inanmadım. “Bəlkə ürəyi xarab olmuşdu”- deyə düşündüm. Onu diksindirib oyatmamaq üçün anamı çağırdım. Anam tələsik gəlib Cəfərin biləyini əlinə aldı və arvadın rəngi sapsarı saraldı. O, ağlar gözlərini üzümə dikəndə birdən mən fəlakəti dərk edərək qeyri-iradi həyətə atıldım, çovğunun içində təlaşla çığırdım:

- Ey vayy!...

Və öz səsimdən qulaqlarım tutuldu, gözlərim yumuldu. Sonra nələr olduğu yadıma gəlmir. Sanki dəhşətli bir yuxu içində idim".

O məşum gecə-1934-cü ilin 30 dekabrından 31 dekabrına keçən gecə idi.

Cəfər 35, mən 29 il yaşamışdım. Oğlumuz Aydının 10, qızımız Gülarənin 4 yaşı vardı”.