“Hər zaman çempion komanda yada düşür” - Subotiç “gümüş” haqda

her-zaman-cempion-komanda-yada-dusur
Oxunma sayı: 634

“Qəbələ”nin hücumçusu Daniel Subotiç “İnter” üzərində 4:3 hesablı qələbədən və qazandıqları gümüş medallardan danışıb:

-    “İnter”lə oyunda bu hesabı gözləyirdiniz?

-    Maraqlı oyun olacağını əvvəlcədən düşünmək olardı. Heç bir komanda üçün asan matç keçmədi. Həm baxımlı da matç alındı. Vurulan qollar hər şeyi göstərir. Açıq futbol, bolqollu futbol oldu. İkinci hissədə “İnter” həm özünü toparladı, həm də bizim səhvlərimizdən istifadə edib hesabı bərabərləşdirdi. 

-    Medal almaq üçün kürsüyə çıxanda çox narazı görünürdünüz...

-    Gümüş medallar haqqında çox düşünmürəm. Heç kim heç zaman ikinciliyi xatırlamır. Hər zaman çempion olan komanda yada düşür. Bu bütün dünyada belədir. İkincilər həmişə arxa planda qalır. 

-    Qarşıda “Sumqayıt”la matç var...

-    Bu qarşılaşma nə bizim üçün, nə də digərləri üçün heç nəyi dəyişməyəcək. Həmin oyunda nəticə də önəmli deyil. Sadəcə biz peşəkarıq və meydana çıxıb qələbə qazanmağa çalışacağıq. Əlbəttə ki, həmin matçda da müəyyən qədər kubokun finalına hazırlıq olacaq.

-    Kubokun finalında qalib gəlmək üçün sizə nə lazımdır?

-    Öz oyunumuzu oynamalıyıq və yaratdığımız qol imkanlarından istifadə etməliyik. Çox çətin qarşılaşma olacaq. “Qarabağ” haqqında yox, öz haqqımızda düşünməliyik. Finalda qalib gələ bilərik. Çünki çempionat matçlarında 2 dəfə “Qarabağ”ı məğlub etmişik. Amma final görüşü bir matçdır və orada ab-hava tamam başqa olur. Burada komandanın xarakteri mühüm rol oynayacaq. 

-    “Qəbələ” ilə 6 ay +1 il müqavilən var. Burada qalacaqsan, yoxsa gedəcəksən?

-    Bu barədə indidən nəsə deyə bilmərəm. Gözləməliyik. Kubokun finalından sonra daha ətraflı danışarıq.