Heydər Əliyev Həştərxanda anıldı - Fotolar

heyder-eliyev-hesterxanda-anildi
Oxunma sayı: 1364

Bu gün Rusiya Federasiyasının Həştərxan vilayətində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə vilayətin qubernatoru Aleksandr Jilkin, Nərimanov rayonu icra başçısının müavini Rəşid Ağayev də iştirak edib.

İlk öncə Aleksandr Jilkin, Rəşid Ağayev, Həştərxan şəhərinin rəhbərliyi, ictimai təşkilatların nümayəndələri, sakinlər Heydər Əliyevin adını daşıyan parkda mərhum prezidentin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra qubernatorla icra başçısının müavini 2018-ci ilin yazında açılması planlaşdırılan Azərbaycan Biznes Mərkəzinin tikintisi ilə tanış olublar.

Bundan sonra Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə keçirilən tədbirə qatılan rəsmilər çıxış ediblər. 

Aleksandr Jilkin çıxışı zamanı Heydər Əliyevin xalqının gələcəyi ilə maraqlanan şəxs olduğunu, onun bir çox ölkələrlə, xüsusilə Rusiya ilə mehriban qonşuluq münasibətlərinin inkişafına böyük töhfələr verdiyini bildirib.

“Mən tez-tez bu möhtəşəm ölkəni ziyarət edirəm və  orada iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, mədəniyyət sahəsində irəliləyişlərin şahidi oluram”, - deyə A. Jilkin vurğulayıb.

Qubernator Heydər Əliyev adına Fondun Həştərxanda həyata keçirdiyi layihələrdən bəhs edərək burada 11 nömrəli məktəbin yenidən qurulduğunu, uşaq bağçasının tikildiyini qeyd edib.

Rəşid Ağayev isə çıxışında  altı il əvvəl bərpa edilmiş bu məktəbin Heydər Əliyev Fondunun ilk layihələrindən biri olduğunu əlavə edib.

“Yeddi il öncə biz bu binaya daxil olanda qarşıda görməli olduğumuz çox iş olduğunu anladıq. İndi isə bu, Həştərxanda yaxşı pedaqoji kollektivin, gözəl tələbələrin olduğu ən gözəl məktəblərdən biridir”.