Heydər Əsədov Bolqarıstanın energetika naziri ilə görüşüb - Foto

heyder-esedov-bolqaristanin-energetika-naziri-ile-gorusub
Oxunma sayı: 808

Bu gün “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın Azərbaycan tərəfdən həmsədri, kənd təsərrüfatı naziri  Heydər Əsədov Bolqarıstan tərəfdən Komissiyanın həmsədri, Bolqarıstanın energetika naziri xanım Temenujka Petrova ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşün məqsədi iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Heydər Əsədov Azərbaycanla Bolqarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və iki ölkə arasında bu günə qədər 57 sənədin imzalandığını, 8 sənədin baxılmaq üzrə olduğunu, bunlardan 2 sənədin isə kənd təsərrüfatı sahəsinə aid oluduğunu bildirib.Bu sənədlərin müzakirə olunub imzalanması, səfərlərin intensivləşdirilməsi ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyini bildirib.

H. Əsədov iki ölkə arasında Biznes Forumunun keçirilməsini dəstəklədiyini və may ayında Azərbaycanda keçiriləcək kənd təsərrüfatı sərgisində Bolqarıstan şirkətlərinin, həmçinin Bolqarıstan istehsalı olan texnikaların nümayiş etdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.

Nazir təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı sahələri üzrə əməkdaşlıq üçün hər iki ölkənin böyük potensial imkanların olduğunu bildirib. Nazir son ildə hər iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və bu əlaqələrin daha da dərinləşməsi, həmçinin Azərbaycandan Bolqarıstana keyfiyyətli pambıq məhsulları, yun və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün ölkəmizin böyük potensial imkanlarının olduğunu diqqətə çatdırıb.

Heydər Əsədov Hökumətlərarası Komissiyasının fəaliyyətinin daha da intensivləşdirilməsi üçün işçi qrupu formatında tərkibinin müəyyən edilməsini və əlaqələndirici şəxslərin müəyyənləşdirilməsini məqsəduyğun hesab edib. 

Temenujka Petrova Hökumətlərarası Komissiyanın daha məhsuldar işləməsi üçün işçi qrupunun tərkibinin yaxın vaxtlarda qarşı tərəfə təqdim olunacağını, imzalanacaq sənədlərin ilk olaraq işçi qrupu səviyyəsində müzakirə olunub hazırlanmasını və hər iki ölkənin işçi qrupunun Bolqarıstanda iclasının keçiririləcəyindən məmnunluğunu bildirib. 

Görüşdə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və Bolqarıstanın Azərbaycanda müvəqqəti işlər vəkili Yanki Yanakiyev də iştirak edib.