Hirkan Milli Parkındakı yanğın lokallaşdırılıb - Yenilənib

hirkan-milli-parkindaki-yangin-lokallasdirilib
Oxunma sayı: 860

Bu gün saat 13 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. 

"Qafqazinfo" nazirliyin saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

***

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində başlamış yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində tam lokallaşdırılıb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Qeyd edək ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün onun söndürülməsində çətinliklər yaranıb. Naməlum səbəblərdən baş vermiş yanğın təxminən 1 hektara yaxın ərazini əhatə edib, nazirliyin əməkdaşlarının səyləri nəticəsində ağaclara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.