Hökumət hesabat verir

hokumet-hesabat-verir
Oxunma sayı: 656

“Media forum” saytının məlumatına görə, Milli Məclisin martın 16-a olan iclasının gündəliyinə yalnız bu məsələ - hökumətin 2011-ci ilin sosial-iqtisadi inkişafına dair hesabatı daxildir.

İclasda baş nazir Artur Rasizadə, nazirlər, dövlət komitələrinin rəhbərləri iştirak edirlər.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, dünyada başlanan iqtisadi böhrana baxmayaraq Azərbaycanın inkişafı dinamikliyini saxlayıb: “Beynəlxaq təşkilatların rəyinə görə, Azərbaycan investisiya yatırılmasında ən yüksək yerlərdə durur”.

Spiker qeyd edib ki, ötən il ölkənin investisiya imkanları 72 faizə çatıb, əhalinin gəlirləri 20 faiz artıb. O, Azərbaycanın müdafiə qüdrətinin də artdığını vurğulayıb.

Daha sonra baş nazir Artur Rasizadə hesabatı təqdim etməyə başlayıb. O qeyd edib ki, 2011-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard ABŞ dollarını ötüb, pensiyalar 40 faiz artıb. “Ümid’ və “Abşeron” yataqlarında zəngin qaz resursları aşkarlanıb: “Ölkədə ilk dəfə böyük istehsal gücü olan azot gübrəsi istehsalı zavodu yaradılıb. Həyata keçirilən infrastruktur layihələri ölkəni regional nəqliyyat qovşağına çevirəcək”.

Baş nazir Azərbaycanda internet istifadəçilərinin 65 faizə çatdığını və dünya üzrə orta göstəricini iki dəfə üstələdiyini bildirib, bu il Azərbaycanın süni peykinin kosmosa buraxılacağını diqqətə çatdırıb.

Artur Rasizadə deyib ki, əhalinin su və kanalizasiya ilə təmin edilməsi istiqamətində mühüm işlər aparılıb və bu işlər davam etdirilir: “Bu işlərə ümumilikdə 3 milyard dollar xərclənəcək. Təhsil sahəsinə gəlincə, keçən il 182 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib”.