İcra başçılarını necə xilas etməli?

icra-bascilarini-nece-xilas-etmeli
Oxunma sayı: 3660

Qan Turalı 

Azərbaycanda dini vəziyyət sabitdir.

Lakin Gəncə hadisələri bu məsələlər üçün ciddi bir siqnal verir.

Necə olur ki, dünyəvi ölkəmizdə bu cür neqativ hallar yaranır?

Üstəlik, dünyəvilik bizdə sadəcə dövlət siyasəti yox, həm də geniş mənada xalqın seçimidir.

Belə halların təkrarlanmaması üçün hansı tədbirləri görmək vacibdir?

Radikalizmi beşiyində boğmaq üçün nə etməli?

Əslində biz bu gün bu müzakirələri etməliyik.

Problemin həll yolu isə çox sadədir.

Ölkədə təhsili, mədəniyyəti inkişaf etdirmək.

İncəsənəti, maarifi yaymaq...

Bir anlıq özünüzü əyalət gənclərinin yerinə qoyaq.

Kitabxana yox.

Kinoteatr yox.

Teatr yox.

Kitab yox.

Futbol desən o da yox...

Bu illərdir müşahidə olunan problemlərdir, lakin bir gün bu problemlər bu cür partlayır.

Dövlət xalqın maarifinin, təhsilinin qayğısına qalmırsa ya da bu işlərin hamısı formal görülürsə nəticə də belə alınır.

İnsanlara özlərini realizə etmək üçün imkan yaranmalıdır.

Əyalət həyatı daha canlı, maraqlı olmalıdır.

Sosial problemlər həll edilməlidir.

Birmənalı şəkildə görürük ki, bu cür dini qruplaşmalar adətən savadsız insanları özünə cəlb edə bilir.

Hardadır oxucu klubları, tamaşalar, filmlər, qısacası hər cür mənalı istirahət, məşğuliyyət...

Biz bu gəncləri sadəcə olaraq boşluğa itələyirik.

Həyatında bir dəfə “Ölülər”ə baxmış insan dini radikalizmə yuvarlana bilərmi?

“Səfillər”i oxumuş adam gedib Suriyaya qoşularmı?

Tarkovskiyə baxan adam kamikadze olarmı?

Bəxtimizdən, Azərbaycan xalqı dünyəvidir, dini radikalizmə meylli deyil.

Lakin mövcud vəziyyəti qorumaq və inkişaf etdirmək gərəkdir.

Bunun üçün görülən işlər son dərəcə azdır.

Xalqımızın ziyası azalır, öləziyir.

Onu yenidən maarif tonqalı ilə alovlandırmaq gərəkdir.

Xilas bundadır.

Bu işləri görmək heç də birbaşa dövlətin vəzifəsi də deyil.

Sadəcə olaraq bir az bu sahədə mühit yaratmaq lazımdır.

Lakin Gəncə hadisələri və ondan sonra verilən mesajlar açıqca göstərir ki, problemin həlli bu cür mümkün deyil.

Ölkədə təhsil sahəsində çox az uğur əldə edilib.

Bu məsələni qaydaya salmaq vacibdir.

Problem ciddidir, onu siyasi bəyanatlarla həll oluna bilməyəcək qədər ciddi...

Sonda bir məqamı da vurğulamaq istəyirəm.

Əlbəttə ki, Azərbaycanı bir dövlət kimi öz nəzarətinə almaq istəyənlər var.

Ümumiyyətlə, Azərbaycanı bir dövlət kimi görmək istəməyənlər var.

Doğrudur!

Lakin onlara imkan verməmək də bizim əlimizdədir.

Ölkədə təhsili inkişaf etdirmək istəsək kim buna mane ola bilər?

Ölkəmizi bir mədəniyyət cənnətinə çevirməyimizə mane olan nədir?

Hər şəhərdə, hər kənddə bir kinoteatr, teatr olmağı yolunda əngəli hansı xarici qüvvə yaradır?

Odur ki, əvvəlcə öz işlərimizi görməli və sonra da xarici hücumlara sinə gərməliyik.