İcra başçılarının rəngi

icra-bascilarinin-rengi
Oxunma sayı: 3093

Fərid Hüseyn

Cəmiyyətimizdə absurd olaylar baş verir:

* Dərs oxumalı uşaqları “tok” vurur.

* Futbolçu qətlə “fərman verir”.

* Müğənni əl öpdürür.

* MEYxana deyənlər mərsiyəyə qurşanır.

* Kürəyimizi söykədiyimiz güc orqanının – MTN-in bəzi nümayəndələrinin tamah önündə gücsüzlüyü üzə çıxır.

Deməli, cəmiyyətimizdə yerində olmayan xeyli adamlar var. Corc Oruelin “1984” romanını xatırlamırsınız? Oruelin təsvir etdiyi ölkədə 4 nazirlik - Sülh. Həqiqət. Sevgi, Rifah nazirliyi – var. Dördü də öz adının əksinə işlər görür. Bizdə də eyni situasiyadır. Sanki bəzi nazirliklərin əsasnamələrində tapşırılan işlərin əksinə çalışmaq göstərilib.

Belə olmasaydı Nəqliyyat Nazirliyinin işçisi taksi sürücüsünü niyə döysün ki? Əgər dövlət idarə-təşkilatlar düzgün işləsəydi, əhalini bezdirməsəydi, ASAN xidmət kimi nümunəvi bir qurum yaradılardımı? Yaxud yarım əsr tarixi olan idarə-təşkilatların ciddi tarixi ənənəsi olsaydı, dünən yaradılan bir qurum onlara nümunə göstərilərdimi?

MTN-lə bağlı son olaylar hər nə qədər şaşırdıcı olsa da, məncə, bundan sonra bənzər hadisələr çoxalacaq. “Tok” necə qəfil adamı vurub o dünyalıq edirsə, insanlar da vəzifədən o cür “vuracaq”lar. Çünki artıq bıçaq sümüyə dirənib, tövbə ilə belə bağışlanmaz əməllər boğaza çıxıb. Bundan sonra “Pompey aqibəti” qaçılmazdır.

İcra hakimlərinin bir çoxu özünü monqol işğalçıları kimi aparır: Bir icra hakiminin tikdiyini yeni gələni qazıyıb tökür yerə. Elə bil əvvəlki icra başçısı yad dini yazıları, şüarları vurub divara, təzə gələn onları qazıyıb, tarixi təmizləyir. Sanki ölkəmizi “kim daha çox boz üzləyəcək” deyə sirli bir yarış gedir.

Bir xatirə danışacam: Orta məktəbdə oxuyanda savadsız bir sinif yoldaşım vardı. Rəngləri tanımırdı. Müəllim, rəsm müəllifi onu ayağa qaldırıb soruşdu:

* Qızım, əsas rənglər hansıdır?

Qız çox düşünəndən sonra cavab verdi:

* Boz irəng.

* Sonra?

* Bir az ondan da boz irəng.

* Sonra?

* Lap boz irəng...

Beləcə həmin sinif yoldaşım bozu solğunlaşdıra-solğunlaşdıra “yeddi rəngi” sadaladı. Biz, rəngləri tanıyan uşaqlarsa xeyli güldük və illərlə həmin hadisə yadımızdan çıxmır. İndi isə böyümüşük, həyatımız özümüz də hiss etmədən bozlaşır, kimlərsə onu daha da bozlaşdırır və günü-gündən həmin “uzaqgörən” sinif yoldaşımın rənglərlə bağlı dedikləri yaddaşıma hikmətli sözlər kimi qazılır.