İcra başçısı sakinlərlə görüşdü

icra-bascisi-sakinlerle-gorusdu
Oxunma sayı: 1468

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Nərimanov rayonu, Təbriz küçəsi 55 ünvanda rayon sakinləri ilə növbəti səyyar görüşü keçirib. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rayonun bələdiyyə, hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin 150 nəfərə qədər sakinin iştirak etdiyi qəbulda icra başçısı sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirib, eyni zamanda, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb. 

Eyni zamanda rayon ərazisində geniş vüsət alan Pilot layihələrdən söz açaraq, dövlət əhəmiyyətli bu tədbirin sakinlərin mənzil kommunal şəraitlərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olacağını və yaxın zamanlarda onların tam kommunal şəraitli, təmirli mənzillərlə təmin olunmaqla sözügüdən layihənin nəticələrindən bəhrənələcəklərini söyləyib.  

Səyyar qəbulda çıxış edən sakinlərin təbii qaz, elektrik enerjisi və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq və s. məsələlərlə əlaqədar problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılıb və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilib. 

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını tələb edib.