İctimai Palata bu həftə toplanır

ictimai-palata-bu-hefte-toplanir
Oxunma sayı: 654

Müsavat başqanı Isa Qəmbərin sədrlik etdiyi iclasda bir sıra məsələlərlə bağlı müzakirə aparılıb və qərarlar qəbul edilib. Əvvəlcə Fransa Senatının qərarından sonra yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ictimai Palatanın indiyə qədər bu məsələdə tutduğu mövqenin düzgün olduğunun bir daha təsdiqləndiyi bildirilib. Həmçinin Koordinasiya Şurasının məsələ ilə bağlı Avropa ölkələrinə müraciəti qəbul edilib. Müraciətdə Fransa Senatının qərarının demokratiyaya, söz və ifadə azadlığına zidd olduğu vurğulanıb və bu tendensiyanın qarşısının alınmasının zəruriliyi qeyd olunub.

İclasda Müsavatçı gənclər Tural Hacıbəyli və Amid Süleymanlının həbsi ilə bağlı bəyanat qəbul edilib.
Koordinasiya Şurası həmçinin son zamanlar mətbuata qarşı təzyiqlərin artması, xüsusən də qəzetlərin yayımına çox ciddi maneələr yaradılmasını müzakirə edərək qərara alıb ki, fevralın 14-də bu məsələyə həsr olunmuş dəyirmi masa keçirilsin. Növbəti dəyirmi masanın isə vicdan məhbuslarına həsr olunmasına və fevralın 7-də keçirilməsinə qərar verilib.
Koordinasiya Şurası fevralın 4-də saat 12-də Ictimai Palatanın sessiyasının çağırılması barədə də qərar qəbul edib. Sessiyada gündəliyin əsas məsələlərindən biri 2012-ci ildə IP-in hədəfləri və fəaliyyət istiqamətləri haqqında sənədin müzakirəsi və qəbulu olacaq. Sənəd layihəsi Pənah Hüseyn tərəfindən hazırlanıb və Koordinasiya Şurasında müzakirə edilib. Müzakirələr sessiyada davam edəcək.

azadliq.info