İctimai Palata İranın hədələrini pislədi

ictimai-palata-iranin-hedelerini-pisledi-
Oxunma sayı: 647

İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantası keçirilib. Koordinasiya Şurasının üzvü, AXJP sədri Əli Kərimlinin "Azadlıq"a verdiyi məlumata görə, dünən keçirilən toplantıda gündəmin aktual məsələləri müzakirəyə çıxarılıb.

İlk olaraq son günlər bəzi İran rəsmilərinin Azərbaycana yönəlik bəyanatlarına toxunulub. Baş verənlərdən narahatlıq ifadə İctimai Palata xüsusilə noyabrın 4-də Azərbaycanın Təbrizdəki konsulluğuna hücumla bağlı bəyanatı pisləyib.
Qurum hesab edir ki, İran rəsmiləri və bu ölkənin ictimai xadimləri bu cür avantürist addımlar atmaqdan çəkinməli, Azərbaycan-İran münasibətlərində gərginlik yaratmamalıdır.

Daha sonra Heft Fondunun gəlirlərinin xərclənməsi müzakirə mövzusu olub. Azərbaycan xalqına məxsus sərvətin talanması qəti şəkildə pislənilib. Son vaxtlar Heft Fondunun gəlirlərinin qaranlıq məqsədlərə xərclənməsinin tərkib hissəsi olan xarici ölkələrdə, xüsusilə Rusiyada daşınmaz əmlak alınması İctimai Palatada ciddi narahatçılıq yaratdığından neft gəlirlərinin xərclənməsi ilə bağlı ictimai dinləmələr təşkil edilməsi barədə qərar qəbul edilib. AXJP sədrinin sözlərinə görə, İctimai Palata növbəti həftə "Heft Fondunun xərclərinə ictimai nəzarət" mövzusunda dinləmələrə başlayacaq.

İclasda müzakirə olunan məsələlərdən biri də hakimiyyətin jurnalistlərə qarşı təzyiqləri ilə bağlı olub. İctimai Palata hesab edir ki, oktyabrın 28-də həbs edilən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının taleyi diqqətdə saxlanılmalı, onun həbsinin səbəbləri ciddi şəkildə araşdırılmalı, dəqiqləşdirmələr aparılmalıdır. Həmçinin qərar qəbul edilib ki, Redaktorlar Birliyinin iştirakı ilə jurnalistlərə təzyiqlər mövzusunda beynəlxalq konfrans keçirilsin.

Koordinasiya Şurası hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Apellyasiya Məhkəməsi ilə bağlı da müzakirələr aparıb. Əli Kərimli bildirib ki, İctimai Palata Vidadi İsgəndərlinin apellyasiya şikayəti ilə bağlı keçirilən prosesin formal xarakter daşıdığı qənaətindədir. Qurum Apellyasiya Məhkəsinin birinci instansiyanın ədalətsiz qərarını qüvvədə saxlamasını qəti şəkildə pisləyib.