İlham Əliyev və Putin Qarabağ münaqişəsini müzakirə etdi- - Video

ilham-eliyev-ve-putin-qarabag-munaqisesini-muzakire-etdi-
Oxunma sayı: 8079




“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, görüşdə  Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq yaranmasından və beynəlxalq təşkilatların konfliktin həlli ilə bağlı qətnamələrinin yerinə yetirilməməsindən təəssüfləndiyini bəyan edib.

 Dövlət başçısı Bakıda Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Azərbaycan torpaqlarının işğalı 20 ildən artıqdır davam edir.
 
Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə dağıdılması mümkün olan hər şey dağıdılıb: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələb olunub. Lakin bu qətnamələr hələ də kağız üzərində qalır. Bu münaqişənin tezliklər həlli regionda sabitliyə və əməkdaşlığa gətirib çıxaracaq. Dağlıq Qarabağ münaqişəsi tarixi ədalətə, beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun həll edilməlidir”.
 
Azərbaycan prezidenti ATƏT-in Minsk Qrupunun sədri kimi Rusiyanın nizamlama prosesində mühüm rol oynadığını vurğulayıb: “Azərbaycanla Rusiyanın möhkəm baza üzərində qurulmuş dostluq və mehriban qonşuluq münasibətləri xalqlarımızın tarixinə, eyni taleyə sahib olmasına və qarşılıqlı maraqlarımıza əsaslanır. Bu gün siyasi əlaqələrimiz inkişaf edir, beynəlxalq təşkilatlarda dost və tərəfdaş kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və gələcəkdə də bu siyasətimizi davam etdirəcəyik”.

***


Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündən sonra baş tutan mətbuat konfransında bəyan edib ki, “Dağlıq Qarabağ probleminin həlli yalnız siyasi üsullarla mümkündür”.
 
“Danışıqlar zamanı biz Dağlıq Qarabağ problemi də daxil olmaqla aktual beynəlxalq məsələlərə toxunduq. Həlli yalnız siyasi üsullarla mümkün olan münaqişənin tezliklə nizamlanmasına Rusiya fəal dəstək verir”, deyə Putin vurğulayıb.   
 
O həmçinin Xəzər bölgəsində delimitasiya, ekologiya məsələləri ilə bağlı olan problemlərin bütün region ölkələrinin maraqlarına uyğun həllinin vacibliyini qeyd edib. 

***

Prezident həmçinin dövlətlərarası ticarət dövriyyəsinə də toxunub.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, iki ölkə arasında ənənəvi olaraq humanitar sahədə də yaxşı nəticələr və perspektivlər mövcuddur: "Hörmətli Vladimir Vladimiroviç! Sizi görməyə çox şadam! Azərbaycana xoş gəlmisiniz! Əminəm ki, səfəriniz münasibətlərimizə əlavə impuls verəcəkdir. Əlaqələrimiz çox dinamik, müsbət və uğurla inkişaf edir. Münasibətlərimiz bir çox sahələri əhatə edir. Bu gün həm gündəlikdə duran ikitərəfli münasibətləri, həm də regional məsələləri müzakirə etmək imkanımız olacaqdır. Gündəliyimiz kifayət qədər genişdir. İqtisadiyyatda gözlədiyimizdən də çox yaxşı nəticələr vardır. Başqa sözlə, münasibətlərimiz çox uğurla inkişaf edir. Sizin səfərinizin əlaqələrimizin inkişafında əlbəttə ki, xüsusi yeri vardır. Əminəm ki, səfərdən sonra əlaqələrimizin müsbət dinamikası davam edəcəkdir. Bir daha Sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz!"

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib ki, həm Rusiya, həm Azərbaycan tərəfindən ticarət dövriyyəsinin strukturu kifayət qədər sanballıdır: "İlham Heydər oğlu! Dəvətə görə dərin təşəkkür edirəm! Həqiqətən ölkələrimiz arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir. Dünya iqtisadiyyatındakı çətin vəziyyətə baxmayaraq, ötən il əmtəə mübadiləsinin artımı 48 faizdən çox olub - təqribən 50 faiz. Bu, bizim üçün rekordlardan biridir. Rusiya Azərbaycan ilə ticari-iqtisadi əlaqələrdə liderlərdəndir və ikinci yeri tutur, ticarət dövriyyəsi artır. Əlaqələrimiz bir çox sahələr üzrə inkişaf edir. Burada tam əminliklə demək olar ki, bu əlaqələr şaxələndirilmiş xarakter daşıyır və təşəbbüslərin çoxluğu, o cümlədən Azərbaycan tərəfindən humanitar sahənin inkişafına yönələn təşəbbüslər sevindiricidir. Mən bilirəm ki, burada Sizin şəxsi təşəbbüsləriniz də vardır. Biz bu gün hamısını müzakirə edəcəyik. Mən əminəm ki, bugünkü görüşümüz münasibətlərimizin inkişafına kömək edəcəkdir. Mənimlə buraya böyük komanda - əməkdaşlığımızın istiqamətləri üzrə aparıcı nazirlər gəlib. Odur ki, işimiz məzmunlu, böyük, maraqlı və əhəmiyyətli olacaq. Çox sağ olun!"

***

Onu da bildirək ki, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin 31 oktyabr – 1 noyabr tarixində Bakıda keçiriləcək III Beynəlxalq Humanitar Foruma hazırlıq prosesini də müzakirə ediblər.

“Əminliklə demək olar ki, 2011-ci ildən başlayaraq qısa dövr ərzində bu forum ictimai həyatda böyük hadisə olub”, deyə Rusiya dövlətinin başçısı vurğulayıb.   
 
Putin qeyd edib ki, mədəni-humanitar əlaqələrin “dost, mehriban qonşuluq münasibətlərin möhkəmlənməsində xüsusi rolu var”. O həmçinin qeyd edib ki, hazırkı səfər çərçivəsində bu sahədə 2015-ci ilədək əməkdaşlığa dair dövlətlərarası proqram təsdiqlənib.  
 
Azərbaycan prezidenti İlham Əliyev həmçinin Azərbaycan-Rusiya humanitar əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib. “Azərbaycan-Rusiya münasibətləri digər ölkələr üçün nümunə ola bilər”, deyə prezident İlham Əliyev qeyd edib.  O qeyd edib ki, ölkədə rus dilinə və rus mədəniyyətinə xüsusi diqqət yetirilir. “Azərbaycanda 335 məktəbdə rus bölməsi var, 15 məktəbdə isə tədris yalnız rus dilində aparılır. Həmçinin ölkənin 27 universitetində də rus bölmələri var, rus dilində təhsil alan tələbələrin sayı isə 100 min təşkil edir”, deyə İlham Əliyev qeyd edib.  Onun sözlərinə görə, “bu bizim rus dilinə və rus mədəniyyətinə olan münasibətimizin mühüm göstəricisidir”.
 
 Azərbaycan prezidenti qeyd edib ki, humanitar sahədəki əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin əsasını təşkil edir.