İncəsənət məktəblərinə həsr olunmuş - Müşavirə

incesenet-mekteblerine-hesr-olunmus
Oxunma sayı: 703

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi  ilə yanaşı, 15 Regional mədəniyyət və turizm idarəsi yaradılıb. 

“Qafqazinfo” xəbər verir ki, regional idarələr 2017-ci ilin yanvarından fəaliyyətə başlayıb. Bu islahatların aparılmasının əsas məqsədi yerlərdə mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti haqqında qərarların verilməsi idi.

Həyata keçirilmiş struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına, eləcə də büdcə xərclərinin daha səmərəli istifadəsinə xidmət edir. Görülən tədbirlər nəticəsində müasir tələblərə cavab verməyən, iş üçün uyğun şəraiti olmayan, mövcudluğu və faktiki fəaliyyəti hiss olunmayan bir sıra mədəniyyət müəssisələri ləğv edilib, bəzi müəssisələrin ştat vahidlərində ixtisarlar aparılıb.

Dekabrın 21-də Bakı şəhərindəki uşaq musiqi və incəsənət məktəblərinin 2017-ci ildə fəaliyyətlərinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalov, idarənin məsul əməkdaşları, uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak edib.

Tədbirdə paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin il ərzində həyata keçirdikləri tədbirlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Müşavirədə həmçinin növbəti illərdə reallaşdırılacaq kompleks tədbirlər, dərs bölgüsü, müəllimlərin attestasiyası və digər məsələlər diqqətə çatdırılıb.