İsrail səfiri bizdən razı qalıb

israil-sefiri-bizden-razi-qalib
Oxunma sayı: 665

İsrail səfiri Mixail Lotem ANS-ə eksklüziv müsahibəsində notada yazılanların əsassız olduğunu və rəsmi Bakının İrana kifayət qədər tutarlı cavab verdiyini qeyd edib.

İranın Azərbaycana göndərdiyi notada İsraillə bağlı irəli sürülən ittihamları tamamilə əsassız adlandıran Mixail Lavon Lotem bəyan edib ki, notada qeyd olunan guya İsrail xüsusi xidmət orqanlarının İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar absurddur. Onun sözlərinə görə, İranın göndərdiyi nota ilə bağlı Azərbaycan rəsmilərinin açıqlamaları ilə tanış olub: “Hesab edirəm ki, hətta mən onlar qədər bu notaya hərtərəfli cavab verə bilməzdim. Yəni bir sözlə, sizin rəsmilər bu sənədi tam dolğun cavablandırıblar. O ki qaldı notada istinad olunan məqaləyə, mən yalnız onu deyə bilərəm ki, əsas diqqət yetiriləsi məqalə deyil, məqalədən kimin və necə istifadə etməsi məsələsidir. O zaman ittihamların nə dərəcədə əsassız olduğu ortaya çıxacaq”.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundova təqdim olunmuş etiraz notasında Azərbaycanın İsrailin kəşfiyyat xidməti olan “Mossad” təşkilatına ölkə ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı qeyd olunub və rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.

Azərbaycanın İrandakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılmasına isə Böyük Britaniyanın “London Times” qəzetində yazılan məqalə səbəb olub. Belə ki, özünü Şimon adlandıran naməlum şəxs “London Times”a müsahibə verib və müsahibəsində həmin şəxs “Mossad”ın İrana qarşı əməliyyatlar həyata keçirmək və casusluq etmək üçün Azərbaycandan məkan kimi istifadə etdiyini deyib. Məqalədə iddia olunur ki, İranın nüvə alimlərinin öldürülməsində iştirak edən bir sıra şəxslər Azərbaycana qaçıb. Özünü Şimon adlandırılan həmin şəxs iddia edir ki, Bakı onlarla “Mossad” agenti üçün mərkəz olub.

Rəsmi Bakı bəyan edir ki, İranın notasında olan məlumatlar həqiqətə uyğun deyil və iftiradır. Azərbaycan özü erməni terrorundan əziyyət çəkən ölkədir və Azərbaycan xaricdən müdaxiləyə və hər hansı terrorçu fəaliyyətə imkan verməz.