Jurnalistlər tarlada - Fotosessiya

jurnalistler-tarlada-fotosessiya
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, bir qrup jurnalist Holdinqin Biləsuvar konserv zavodunda yeni mövsümün açılışı ilə bağlı zavodun fəaliyyəti ilə tanış olublar. “Bizim tarla” yaşıl noxud məhsulunun istehsal sahələri, pomidor, xiyar, bibər, şəkər çuğunduru sahələrilə tanış olan media mənsubları yüksək məhsuldarlığın şahidi olublar. Azərsun Holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov bildirib ki, hazırda Holdinq 300 milyon manata yaxın Azərbaycan iqtisadiyyatına sərmayə qoyub. Onun sözlərinə görə, Holdinqin əsas hədəfi Azərbaycanda fəaliyyət göstərən müəssisələrin birinci növbədə ölkənin qida təhlükəsizliyini təmin etməkdir: “Müəssisədə qaçqın şəhərində məskunlaşmış 1000-ə qədər insanın məşğulluğuna şərait yaranıb. Natural Greenland 4000 hektara yaxın sahəni əhatə edir. Ərazidə təbii gübrə istehsalına da nail olunub. Sahədə tərəvəz məhsulları ilə yanaşı 90 min ədəd nar kolu da əkilib. Əkin sahələrinin yaxınlığında inşa edilmiş konserv zavodu ən son texnoloji avadanlıqlarla təchiz olunub”.

Qeyd edək ki, məhsulun istehsal olunduğu zavodun ərazisi 3600 m² sahəni əhatə edir. Natural Green Land” konserv zavodunda istehsal prosesində 3 növbədən ibarət olmaqla 130 nəfər işçi çalışır. Hal hazırda zavodun istehsalı olan “Bizim Tarla”, “Bostan” yaşıl noxud, tomat pastaları, tutma məhsulları həm daxili bazarda, həm də xarici ölkələrdə satılmaqdadır. A. Səfərov əlavə edib ki, Holdinqin ən kiçik müəssisəsi belə Azərbaycanın potensialını ödəmək imkanına malikdir: “Şirkətin 5000 nəfərdən çox işçisi var. Holdinqdə əcnəbilər də fəaliyyət göstərsələr də, işçilərdən 98 faizi yerli mütəxəssislərdir. 5000 nəfər işçimiz olsa da, elə işçilərimiz var ki, ildə bir neçə dəfə təlim keçib. Bölgədə fəaliyyət göstərən şirkətlərdə əsas məqsədimiz həmin bölgədə yaşayan insanların işləməsinə çalışmaqdır. Holdinq 13800 nəfərə ərzaq yardımı edib. Biləsuvar konserv zavodu birbaşa tarlanın içərisindədir, 3457 hektar ərazini tutur”.

A, Səfərov onu da bildirib ki, əvvəl 5 məhsula sertifikat verilmişdisə, artıq 8 məhsul beynəlxalq sertifikat alıb.

Daha sonra jurnalistlərlə yanaşı İrəli İctimai Birliyinin Media Akademiyasının tələbələri də zavodun fəaliyyəti ilə tanış olublar.

Biləsuvar konserv zavodunun direktoru Dəniz Tuqal bu il məhsuldarlığın daha da artacağını, yaxın vaxtlarda nar suyunun istehsalına başlayacaqlarını söyləyib. D. Tuqal məhsulun saxlama müddətinin konservləşdirilməsinə görə dəyişdiyini bildirib. Holdinqin qida sənayesində ən çox vergi verən şirkət olduğunu da qeyd edib.

Səidə Teyyubqızı