Kasıblıq, bahalıq və göz yaşları...

kasibliq-bahaliq-ve-goz-yaslari
Oxunma sayı: 2763

Xuraman Hüseynzadə

Yəqin ki, mağazada ağlaya-ağlaya valideynini oyuncağa, paltara tərəf dartan uşaqları hamımız görmüşük. Bəlkə də özümüz də bir zamanlar nədənsə ötrü o cür ağlamışıq. Almayıblar bizə. Almağa imkanları olmayıb bəlkə də. Və o uşaqları görəndə özümüzü xatırlamışıq. Valideynimizi daha yaxşı anlamışıq.

3 il əvvəl qonşumuzda xəstə uşaq vardı. Kirayədə yaşayırdılar. Uşaq bütün gün ağlayırdı. Ev sahibinin əsəbləri zəif olduğundan uşağın ağlamasına dözə bilməyib onları çıxarmışdı evdən. O vaxtdan uşaqlı ailələri kirayənişin saxlamır. Deyir, özümdən asılı deyil, uşaqların ağlamasına dözə bilmirəm. Səbəbi budur ki, gözünün ağı-qarası bircə balası uşaq olanda istədiyi oyuncaqları, paltarları ala bilməyib ona. O da kimdə oyuncaq görsə ağlayırmış.

İki-üç ay öncə bir alış-veriş mərkəzində gördüyüm mənzərənin təsirindəyəm hələ də. Uşaq hansısa oyuncaqdan ötrü hönkürürdü. Anası uşağı sakitləşdirməyə çalışsa da alınmırdı. Deyirdi ki, ağlama, gedək evə, sabah gəlib alarıq. Ananın dəbi getmiş, köhnə əyin-başına baxan, valideynləri övladları qarşısında bu cür başıaşağı etdiyi, yalançı çıxardığı üçün lənət oxuyurdu zəmanəyə. O ana nəinki sabah, heç o biri gün də gəlib həmin oyuncağı ala bilməyəcəkdi. Uşaq ağlayacaq, ağlayacaq... Sonra yatacaq, oyanacaq və bəlkə də həmin oyuncaq yadından çıxacaqdı. Sırada yeni oyuncaq və ondan ötrü axasaq göz yaşları vardı...

Lap çoxdan “Bulvarda” adlı bir şeir yazmışdım:

Quzum, heç nə istəmə sən,

Bax dənizə, doyunca bax.

"Bulvar" adlı bu aləmdən

Yadında tək o qalacaq.

Ona pay ver göz yaşından,

Bir az hava alaq, gedək.

Gəl, dənizin yaddaşında

Biz də belə qalaq, gedək.

Bu da dənizin qırağı,

Eləcə bax, ötüb keçək.

İstədiyin oyuncağı

Sənə leylək gətirəcək.

Ləngər vurur, yuxuludur,

Gəmi suda batar birdən.

Karusellər qorxuludur,

Tut əlimi, gedək burdan.

Yesən, boğazın ağrıyar,

Dondurmadan gözünü çək.

20-cə qəpik pulum var,

Onunla da evə gedək...

***

Uşaq kədəri yaz yağışı kimidi-tez ötüb keçir. İzi valideynlərin ürəyində qalır amma...

Simon Terinin “Yaxşılıq” hekayəsində azyaşlı Ankarpasyon ağlayır. Yazıçı, Ankarpasyonun ağlayarkən qədim bütlərə daha bənzəmədiyini yazır: “Ankarpasyon ağlayarkən... bütün dünyanın uşaqlarına oxşayan yazıq bir qız idi. Onlar istər ağ, istər sarı, istər qırmızı, yaxud qara olsunlar, dərdli olanda hamısı bir-birinə oxşayır.”

Nədənsə, uşaqlar üçün yaradılmış komfortlu əyləncə yerlərinə, attraksionlara, oyuncaq mağazalarına baxanda həmin ana və onun əlindən tutub oyuncaqlara tərəf dartan uşağı düşür yadıma...