Kəndçi üsyanı...

kendci-usyani
Oxunma sayı: 5263

Sahilə İbrahimova

Mənim yaxşı dil öyrənməyim var. Qulaq yaddaşım da yaxşıdı, dilim ləhcələrə tez yatır. Rusdan, ingilisdən başqa heç bir dili bilmirəm amma. Bəzi tanışlarım daima yeni dillər öyrənməyə cəhd etsələr də, mən bu işləri çoxdan buraxmışam. Eyni mənanı müxtəlif dillərdə ifadə edə bilmək darıxdırıcı və mənasız gəlir. Ondansa normal bildiyim dillərdə daha çox öyrənməyə, düşünməyə vaxt sərf edərəm.

Alma sözünü səkkiz dilə çevirə bilən adamın ağlı bu meyvəni cəmi bir dildə təqdim edəndən çox gəlmir mənə. (Adamın işi tərcüməçilikdirsə, ayrı.) Bütün dünyada bir dil olsun istəyirəm. Anlaşmazlıq azalar. Bu qədər bölücülük nəyə lazım? Lakin bir halda ki indi dünyada çoxdilli yaşayırıq, durumla barışıb, sivil toplumların dəstəklədiyi müxtəliflik və bərabərlik xəttinə üstünlük verirəm. Fərqli ola bilərsən – kasıb, varlı, kəndli, şəhərli, az və ya çox təhsilli... Heç nə, heç bir halda səni kimdənsə nə qanun, nə cəmiyyət qarşısında yüksək və ya alçaq etməməlidir. Fərqinlə bərabər qəbul olunmalı, eyni imkanlardan yararlanmalısan. Məhz bu siyasət, Qərbin dəstəklədiyi bu xətt qoymur dünyada bircə dil olsun.

Demokratiya, liberalizm kimsənin doğma dilinə, mədəniyyətinə  toxunmağa icazə vermir. Əksinə, onu inkişaf etdirmək üçün imkanlar yaradır. Milli azlıqlar, ölməkdə olan dillər üçün qrantlar ayrılır və s. Bu proses olduqca çoxdan başlayıb. Qərbin mədəniyyət tarixini oxuduqca insanların indi sahib olduğu dəyərlər uğrunda necə savaşlara çıxdığını görürük. 

Hazırda ədəbiyyat üzrə dördüncü Nobel mükafatçısı Mistral haqqında oxuyuram. Fransanın Provans əyalətinə aid dildə yazıb. Bu dilin qrammatikasını yaradanlardan olub, ölməməsi üçün mübarizə aparıb, savaşıb. Əsərini doğma provans dilində yazandan sonra fransızcaya tərcümə edib. Çox vaxt ədəbiyyat üzrə Nobelin siyasi səbəblərdən verildiyi deyilir. Ola bilər bu işdə siyasət var. Lakin mənə görə bu, olduqca ali siyasətdi. Nobel komitəsi müəllif seçəndə cəmiyyətə yenilənən düşüncə təqdim edənə üstünlük verir. Mövcud ali savaşa dəstək verir. Sonra bu savaş, ideya yayılmamış qalsa belə. 

Hazırkı kəndli, şəhərli, azərbaycandilli, rusdilli mübahisəsi faydasız gəlmir mənə. İndi bizim hər sahədə savaşımız ötəri, yaxşı düşünülməmiş olsa da, istənilən səs yeni düşüncəyə aparır adamı, toplumu.  

Bir neçə il öncə isveçli rəhbərlə çalışırdım. Azərbaycanda cəmi bir illik müqavilə ilə işləyirdi. Gələn gündən Azərbaycan dilini öyrənməyə başladı. Qrafiki nə qədər dolu olsa da, heç vaxt dil dərsini təxirə salmırdı. Bir dəfə qrafikinin ağırlığına dözməyib, Maykl, dedim, (İsveçdə Mikael deyə çağırırdılar, bəzi ölkələrdə Maykl deyirdilər. Dünya olaraq adları belə eyni cür tələffüz edə bilmirik.) işiniz ağırdı, bəlkə dil dərsini ləğv edək?, - təklif elədim. Axı, bu dil nəyinizə lazımdı? Balaca bir ölkənin dilidi dedim. Mayk Azərbaycan dilinin Türk dili ilə eyniliyini və bu dildə 100 milyonun üstündə adamın danışdığını bildirdi. Bu qədər adamla ortaq dilə sahib olmaq az uğur deyil deyə əlavə elədi. Bu, ana dilimlə bağlı eşitdiyim ən təsirli cümlələrdən idi. Hafiz Hacıyev demişkən, əziz xalqım, biz bu cür dilin daşıyıcısıyıq. Dilimizə güvənə bilərik. 

Tez-tez rus dilini bilməyən Azərbaycan vətəndaşlarının narazılığı ilə rastlaşıram. Çox vaxt bu narazılıq rusdilliləri aşağılamaqla ifadə olunur. Biz çox vaxt mahiyyətlər üzərində düşünmürük. Öz hüququmuzu qorumağa çalışan zaman başqasına aid olanı əzirik. Azərbaycan dili Azərbaycan dövlətinin rəsmi dilidir. Bütün rəsmi sənədləşmələrin bu dildə aparılması zəruriyyəti var. Bundan artıq tanınma, təsdiqedilmə, qəbulolunma varmı? Elə isə niyə xalqın olduqca böyük kəsimi olan azərbaycandillilər kiçik qrup kimi qalan rusdillilərin psixoloji basqısından əziyyət çəkir? Bəlkə bu, başqa, fərqli olanı qəbul eləmək istəməməkdir? Mən özüm rus bölmələrinin yığışdırılmasının tərəfdarıyam. Azərbaycan dilinin layiq olduğu tərzdə təqdim olunmasının dəstəkçisiyəm. Bununla belə, məsələ üzərində daha çox düşünməyə məcbur edirəm özümü. Azərbaycan dilini hörmətli eləmək üçün rusdilli insanların üstünə hücum çəkməyi doğru saymıram. Rus dili imperialistin dilidi. Bizə koloniya kimi baxan dövlətin dilidi. Biz silah və digər məcburi üsullarla yanaşı, bu dil vasitəsilə də işğal olunmuşuq. Və bu gün rusdilli-azərbaycandilli söhbəti gündəmə çevrilirsə, deməli qismən hələ də psixoloji işğaldayıq, bizi bölmək istəyənlər tam uduzmuş deyillər. Bunu anlamaq və anlatmaq üçün sadəcə daha səbirli, daha məntiqli davranmaq lazımdı. Biz eyni tarixi, eyni müharibəni, eyni sevinci və kədəri paylaşmış insanlarıq. Dil ayrılığımız bizi bu qədər ayrı salmamalıdı. Bəzi adamlar rusca danışmağa davam edirsə, sizə özünüzü ifadə etmək məhz ana dilində rahatdırsa dayanmayın, fikirlərinizi israrla Azərbaycanca deyin. Azərbaycan dilini o qədər işlək elm, ədəbiyyat, biznes, müzakirə dili edin ki, Azərbaycanda yaşayan hər kəs bu dildə danışmağa həvəslənsin. Müəyyən səbəblərdən rus dilli olmaq şəhərli olmağın sinoniminə çevrilib. “Qorodskoy oğlan” deyəndə məhz rus dilini bilən adam nəzərdə tutulur. Yuxarıda göstərdiyim vasitələrlə bu düşüncəni dəyişmək lazımdı. Rus dilini bilmək seçimdi. Sizdən asılı olan ya olmayan səbəblərdən bu dili bilmirsinizsə, qətiyyən, heç bir halda rahatsız olmayın, sıxılmayın! Sadəcə başqasının seçiminə də təmkinlə yanaşmağa çalışın. (əsassız seçim olsa da) Kimsə talışca danışa bilər, bir başqası ləzgicə.  Dövlətin rəsmi dili hər yerdə, hər şeydə əsas olmalıdısa, başqa dillərin bütün işıqları döndürülməlidisə, biz niyə Cənubi Azərbaycandakı soydaşlarımıza öz dillərində yazıb-yaratmağa imkan verməyənlərə qəzəbliyik?

Kimsə rus dili biliyindən sizi aşağılamaq üçün istifadə edirsə, əmin olun, bu, dardüşüncəlilik göstəricisidir. Lakin bu adam düşmən deyil. Onunla dil tapmaq olar. Mövqeyini dəyişmək olduqca asandır. Necə? Öz dilində təqdim etdiyin mədəniyyətlə. Dediyim kimi, insanların etirazlarını dəstəkləyirəm, ilkin qəzəb reaksiyalarını anlayıram. Amma məsələni çözmək üçün yetərsiz sayıram. Prosesin davamı olaraq daha məntiqli, daha mədəniyyətli olmağı doğru sayıram. Savaşaq. Sivil silahlarla.