Köçkünün torpağı qonşusuna satılıb - “Məni övladlarımla qorxutdular”

kockunun-torpagi-qonsusuna-satilib
Oxunma sayı: 910

Füzuli rayon Araz Dilağarda kənd sakini, məcburi köçkün Çimnaz Qurbanova ona məxsus olan torpağın qonşusuna satıldığı üçün “Qafqazinfo”ya müraciət edib. 

Şikayətçi bildirib ki, onlara reyster olaraq verilmiş 0,94 hektar sahəni 1998-ci ildən əkib becəriblər, ancaq ötən il torpaq qonşusuna satılıb:

“Dövlət aktı ilə həmin sahə bizə verilib və 2007-ci ildə mülkiyyəti xüsusiləşdirmək üçün Daşınmaz Əmlakın dövlət reyestr xidməti 536 N-li fərmanı ilə təsdiq edilmiş çıxarış almışam. Ancaq ötən ilin iyun ayında icra başçısı Alı Alıyevin göstərişi ilə  torpaq komitəsinin sədri Bəhmən İsayev torpaq sahəsini ölçüb qonşum Qələndar Ağakişiyevə satıb. Mən aidiyyatı orqanlara müraciət edəndə təzyiq göstərdilər. Hədə-qorxu gələrək dedilər ki, sakit durmasam, başıma oyun açarlar. Hətta övladlarımla qorxutdular. 

Qonşum da deyir ki, pulunu verib, yeri alıb. İndi mən də çarəsiz vəziyyətdə qalmışam”.

Şikayətçi məsələylə bağlı məhkəməyə müraciət etdiyini, hələ də məhkəmənin hər hansı bir qərar qəbul etmədiyi bildirib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şirvan Regional İdarəsi ərazidə dəqiqləşdirmə işini aparıb və komissiya torpağın həqiqətən də, Çimnaz Qurbanovaya məxsus olmasına dair rəy verib. Lakin bu iş kağız üzərində qalıb və rayon rəhbərliyi hər hansı bir tədbir görmür.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov məsələylə bağlı “Qafqazinfo”ya bildirib ki, burada komitə öz işini görüb, o, icra başçısından və ya mühafizə orqanlarından şikayətçi ola bilər:

“Biz rəyimizi vermişik ki, torpaq Çimnaz xanımındır. Bütün qanun çərçivəsində işlər görülüb. Əgər kimsə onun torpağını zəbt edibsə, çıxmaq istəmirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bu iş yalnız hüquqi müstəvidə həll oluna bilər”.

Füzuli rayon İcra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Qacarlı da məsələyə baxıldığını qeyd edib: “Məsələdən xəbərdarıq və burada söhbət pay torpağından gedir. Biz ona rəsmi məktubla da cavab vermişik. Vətəndaşın əlində dövlət aktı varsa, mülkiyyət hüququnun pozulması ilə bağlı rayon məhkəməsində iddia qaldıra bilər. Məhkəmə qətnamə qəbul etməlidir. Əleyhinə qərar qəbul edildiyi təqdirdə daha yüksək instansiyalara müraciət oluna bilər”. 

Günel Hacı