Köhnə “qanuni oğrular” çöl-bayırda az görünərdi

kohne-qanuni-ogrular-col-bayirda-az-gorunerdi
Oxunma sayı: 5442

Azər Qismət

Stalinin tərtib etdiyi konsepsiyada düşərgələrdə sakitliyin hökm sürməsi, həbsxana qanunlarına əməl etməyin mərkəzləşdirilmiş əldə cəmlənməsi əsas məqsədlərdən sayılırdı. Klassik taclandırma mərasimində hər namizəd yaxına buraxılmazdı. Əgər Gürcüstanda sürücüyə də “qanuni oğru” adı verilərdisə, Azərbaycanda bu, yaxşı sayılmazdı. Məhz bu səbəbdən ölkəmizdə qanuni oğrular barmaq sayılası qədər olub. Amma o barmaq sayılasılar İttifaq miqyasında tanınardı. 

O vaxtkı “qanuni oğrular” mütaliələrini zənginləşdirər, həbsxanada cəza çəkən alim və incəsənət xadimlərindən nəsə öyrənməyə çalışardılar. Bunu ona görə edərdilər ki, sabah bir məclisə düşəndə danışıqları ilə ətrafdakı ziyalıların gülüş obyektinə çevrilməsinlər. Hətta həbsxanaya düşən ziyalılara hörmət qoyar, tapşırardılar ki, heç kim onların xətrinə dəyməsin. Düşüncə belə idi ki, fərqli-fərqli dünyanın adamları olsaq da, mən səni qəbul edirəm, sən lazımlısan. Yaponçik rəsm əsərlərinə dair dərin bilgiyə sahib imiş. Xüsusilə kubizm cərəyanı barədə. İstənilən rəssamla bu barədə geniş müzakirə açarmış. Lotu Hikmət isə tarixi yaxşı bilərmiş. Hətta tanınmış tarixçilərdən biri Hikmətin Fransadakı burjua inqilabı barədəki müzakirəsinə heyran qalıb. 

Əvvəllər “qanuni oğru”nun xəbəri olmadan cibgir cib kəsməz, oğru mənzil yarmazdı. Ən azından kimin nə ilə məşğul olduğu bilərdilər.  Məsələn, cibgir Klaraya deyə bilərdilər ki, avtobusda, tramvayda soyduğu adamın pulunu qaytarsın. O da sözə qulaq asıb tapşırığı həmin gün yerinə yetirərdi. O vaxtkı qanuni oğrular qapısına gələn adamı naümid geri qaytarmazdılar.  Lotu Bəxtiyarın timsalında oğurluğa gedilən evdə çörək kəsilərdisə, oğurladıqlarını yerinə qoyub mənzildən çıxardılar. Lotu Cavanşir kimi Yasamal bazarına girib məhsulu baha satan alverçilərə açıqlanardılar ki, kasıblar nəsə ala bilsinlər. 

O vaxtlar “qanuni oğru”lar sərvətlərini nümayiş etdirməzdilər. Sadə maşında gəzər, sadə çayxanalarda oturardılar. Onları görənlər az olardı. Ağır oturar, ağır danışar, böyük-kiçik yeri bilərdilər. Adi şəkil çəkdirəndə də çalışardılar ki, çox yayılmasın. Onları tək-tük adamlar görərdi. Görənlər də danışardılar ki, filan “qanuni oğru”nu gördüm. Milislərdən savayı heç kim bilməzdi ki, onlar nə ilə məşğul olur, nə törədirlər. Respublikaya gələndə də az müddət qalıb yenidən İttifaqın müxtəlif guşələrinə qayıdardılar. Heç kimlə hündürdən danışmaz, ağır məntiqi danışıqları ilə söz-söhbətləri yoluna qoyardılar. Məsələn, Hikmət Sabirabadda hansısa ticarət obyektinə yanaşanda ticarətçilər sevinərdi. Çünki bir limon alanda 20 manat pul verərdi, bir çayçıya 50 manat uzadardı. 

Azərbaycanın o vaxtkı “qanuni oğru”ları Şakro Molodoy, Yaponçiklə dostluq edər, İtaliya, İspaniya kimi ölkələrdəki haqq-hesablara aparılar, Rusiyadakı azərbaycanlıları çeçenlərdən, skinxedlərdən müdafiə edərdilər.

İndi “qanuni oğru” dünyasındakı taclandırma da qarışıq hal alıb. Kafedə dava-dalaş salır, narazılığı olanlara atəş açırlar. Bir “qanuni oğru” digərinə fətva çıxarır. Halbuki, klassik qanunlara görə bir qanuni oğruya mərkəzləşmiş qaydada müzakirə açıb ölüm fətvası çıxarardılar. Özü də bunu sakit qaydada edərdilər. Son günlər bəzilərinin kafe və restoranlarda atışması halları çoxalıb. Bu heç də yaxşı heç nə vəd etmir.