Lənkəranda məhsul festivalı keçiriləcək

lenkeranda-mehsul-festivali-kecirilecek
Oxunma sayı: 2287

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabrın 19-da saat 11:00-da şəhərin Heydər Əliyev xatirə parkında “Çay, çəltik və sitrus meyvələri” festivalı keçiriləcək.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, parkda  “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılacaq. Vitrinlərdə  Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil ediləcək. 

Bundan başqa tədbir iştirakçılarına yerli sortlardan olan haşimi, sədri, campo düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan, ləvəngidən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq. 

Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.