Məhəmməd Məcidli vaxt istədi

mehemmed-mecidli-vaxt-istedi
Oxunma sayı: 698

“Media forum” saytının məlumatına görə, sentyabrın 30-da keçirilən prosesin ikinci yarısında Tural Abbaslı son söz deyib. Məhəmməd Məcidli səhhətində problemlər olduğunu deyərək son sözə hazırlaşmaq üçün vaxt istəyib. Hakim çətinliklə olsa da, buna razılıq verib və prosesi oktyabrın 3-dək təxirə salıb.

Sentyabrın 26-da dövlət ittihamçısı Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslının hər birinə 3 il, Fuad Qəhrəmanlının 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub.

Avqustun 25-də 2 aprel mitinqinə görə həbs olunanlardan AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilova hökm oxunub. Səbail Rayon Məhkəməsi Arif Alışlını 3 il, Elnur İsrəfilovu 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənovu 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənovu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin hökmü ilə barələrində hökm çıxarılan şəxslər ümumilikdə 6 min 650 manat dəymiş ziyanı da ödəməlidirlər.