“Mənə dedi ki, Azərbaycanda görüşərik” - “Kukesi”nin kapitanı

mene-dedi-ki-azerbaycanda-goruserik
Oxunma sayı: 3936

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la 0:0-lıq heç-heçə edən Albaniyanın “Kukesi” klubunun kapitanı Yili Şameti oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” bu müsahibəni təqdim edir:

- Nəticədən məmnun qaldınız?

- “Qarabağ” kimi komandayla 0:0-lıq heç-heçə yaxşıdır. Çünki biz qarşımıza qol buraxmamaq məqsədi qoymuşduq. Bunu da bacardıq. Vacib amildir.

- “Valetta” ilə oyunun təkrarı ola bilər?

- Hamımız buna ümid edirik. Səfər oyunu üçün hazırlanacağıq. Maltada olduğu kimi eyni taleyi arzulayırıq. Əlimizdən gələni edib gözləyəcəyik.

- Sanki şərab kimisiniz, yaşlandıqca daha yaxşı oynayırsınız…

- Mən kluba və özümə xidmət edirəm. Ümid edirəm ki, uzun müddət belə davam edər. Əgər məşqlərdə maksimumunuzu ortaya qoysanız, yaş da sizə mane olmayacaq.

- Müdafiədə çoxluq təşkil edirdiniz. Üçlü mərkəzdə özünüzü necə hiss edirdiniz?

- Düzdür, müdafiədə daha çox oynadıq. Təhlükəli rəqibə qarşı belə çıxış etmək lazımdır. Azərbaycanda da eyni cür oynamaq istəyirik.

- Ansi ilə üzləşmək necə idi?

- Ansi kimi bir oyunçu ilə qarşı-qarıya gəlmək böyük fəxr hissidir. O, uzun illər milli komandada kapitan olub və çıxış edib. Oynadığı futboldan zövq almaq laızmdır. Matçın sonunda mənə dedi ki, Azərbaycanda görüşərik.