Mikayıl Cabbarov vaxt verdi - “Əks halda sərt olacağıq”

mikayil-cabbarov-vaxt-verdi
Oxunma sayı: 4558

“Vergi güzəştləri və azadolmalarla bağlı hər konkret hal üçün biz fərdi yanaşma metodunu tətbiq etməliyik. Vergi güzəştləri xüsusi əhəmiyyət kəsb edən sahələr üçün lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələri çox pozitiv dəyərləndiririk. Ölkə iqtisadiyyatının strukturunda ənənəvi yer tutan kənd təsərrüfatına tətbiq edilən güzəştlər kənd əhalisinin özünüməşğulluğu üçün zəruri şəraiti yaratdı, bu sahənin modernləşdirilməsinə təkan verdi”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Vergilər naziri Mikayıl Cabbarov konfransda deyib. 

O, Vergi Məcəlləsinə ildə bir neçə dəfə dəyişiklik edilməsini məqbul hesab etmədiyini qeyd edib:

“Martın 31-nə qədər şirkətlərdən onların fəaliyyətini çətinləşdirən səbəblər barədə təkliflərini göndərmələrini istəyirik. Biz təklifləri müzakirə edib müvafiq qərarlar qəbul edəcəyik. 

Fəaliyyətimizi genişləndirmək üçün  "Blockchain" sistemini öyrənəcəyik. 

Şəffaflıq birtərəfli qurula bilməz, biz qarşılıqlı münasibətlərin tərəfdarıyıq. Qanun hamı üçündür. İkili mühasibatlıq, vergidən yayınma dayandırılmalıdır. Biz bilirik ki, bunları qısa müddətdə həll etmək mümkün deyil. Buna görə də 2018-ci il keçid ili kimi nəzərdə tutulur. Vergi ödəyicilərindən də xahiş edirik ki, bunu nəzərə alıb bizimlə qanun çərçivəsində əməkdaşlıq etsinlər. Qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçiddə onlara kömək edə, vasitəçi ola bilərik. Əks halda biz mədəni şəkildə sərt olacağıq”.