Müəllimlər günündə pulu votsapdan yığırlar...

muellimler-gununde-pulu-votsapdan-yigirlar
Oxunma sayı: 8624

Nərmin Dadaşova

Keçən bazar özümə “göz altı qırış” əleyhinə krem almaq üçün mağazaya getdim. Satıcı israrla, “xanım hələ tezdi, bu yaşda nə qırış” dedisə də, ehtiyacım olduğunu düşündüyüm o  kədərli “qırış” kreminin ən keyfiyyətlisindən, ən bahalısından ikisini götürüb səbətimə qoydum. Niyə ikisini? Çünki artıq neçənci dəfədir ki, özümü “bizim vaxtımızda”, “mən o yaşda olanda” ilə başlayan cümlələr quran, uşaq baxımı ilə bağlı hansısa fikrimi qəbul etməyəndə özümdən yaşca balaca gənc analara, “mən ikisini böyütmüşəmee” deyib çımxıran yerdə yaxalamışam. Ciddi məsələdir, əziz oxucu,  çox ciddidir. 

Bu gün 5 oktyabrdır, müəllimlərin peşə bayramı. Məktəbli olanda  hər ilin bu günü ən böyük arzum böyüyüb “müəllimə”olmaq olurdu. Möhtəşəm hiss olmalıdır, aldığın hədiyyələri, çiçəkləri evə aparmaq  üçün qonşudakı taksi sürücüsünə  zəng edib kömək istəmək. Bir dəfə gənc və gözəl sinif rəhbərimiz beş oktyabrdan bir gün sonra, acıqlı-acıqlı sinfə girib üstümüzə bağırdı. Dedi: “Gedin valideynlərinizə deyin,  özünə layiq bilmədiyini başqasına hədiyyə etməsin.” Görünür hədiyyələrdən məmnun qalmamışdı. Həmin axşam gəlib müəllimənin ultimatumunu evdəkilərə çatdırdım.  Atam başını bulayıb dedi: “Bizim vaxtımızda belə şey vardı?  Elə bilirdik müəllim heç yemək də yemir”. O nəsildən  fərqli olaraq, bizim vaxtımızda bu cümlələr artıq tarixə qovuşmuşdu. Bizim müəllimlərimiz yemək yeyir, çay içir, hələ hədiyyə davası da edirdilər.   İndikilərdən xəbərim yoxdur, əzizmən, başqa nə yeniliklər var?  

Bu gün işə gələ-gələ məktəbə gedən uşaqlara fikir verdim. Heç birinin əlində bircə dəmət çiçək görmədim. Çünki, artıq bizim vaxtımızdan da keçib, indi onların vaxtıdır, qaydaları, tələbləri dəyişib. İndi biz uşaqlarımızı öz prinsiplərimizlə böyütmürük, böyüdə bilmirik, kim hansı havanı çalsa, onunla oynamağa məcburuq. İndi müəllimlər günündə müəlliməyə çiçək almaq, “zapadlo”du arkadaş. Çünki artıq hər məktəbin, hər sinfin, hər müəllimənin özünün “təbrik summası” var. Ortalama 30-50 AZN arasında dəyişir qiymətlər. Proseduru deyim sizə, sinif müəlliməsinə bir köynək yaxın olan valideyn vatsapda qrup yaradıb pul yığma mərasimini həyata keçirir. Sonra yığılan pullar gözəlim bir konvertə qoyulur, içindəki siyahı ilə bərabər müəlliməyə təqdim olunur. Nə gülə ehtiyac qalır, nə cehizlik qab-qaşığa, nə də ki, qonşudakı taksi sürücüsünün köməyinə. Biz isə pulumuz oldu-olmadı, təyin olunan məbləği veririk. Niyə? Çünki, biz artıq müəllimlərimizə güvənmirik,  vermədiyimiz o əlli manatın uşağa baha başa gələcəyindən ehtiyat edirik. Çünki artıq bizim gözümüzdəki müəllim obrazı dəyişib: O vicdanlı, bütün ömrünü, əsəblərini şəxsiyyət yetişdirməyə həsr etmiş, nurani üzlü, uşaqlara AZN kimi yox, fərd kimi davranan müəllimlər istisnalara çevrilmiş vəziyyətdədir.

Dünən “Asan xidmət”də orta yaşlı bir qadın ona qarşı kobudluq etmiş əməkdaşa etiraz edirdi: “Mən otuz ilin müəlliməsiyəm, mən sənin kimi yüzlərlə adam yetişdirmişəm, bu nə münasibətdir mənə qarşı”, deyirdi. Xanımqıza fikir verdim, tükü də tərpənmədi, etdiyi kobudluqdan narahat da olmadı. Çünki,  o gənc könüllü xanımı həmin “otuz ilin” müəlliməsi yetişdirməmişdi. Çünki, o  dəfələrlə pul uzatmışdı, qiymət sındırmışdı, alver etmişdi müəlliməsi ilə.  Bağçalardan başlayırıq uşaqlarımızı pulumuzla savunmağa, universitetə qədər davam edirik, nə qədər üzücüdür.

Nə isə, xoş gününüzü gözünüzdən tökməyim, əziz müəllimlər. 

Bayramınız mübarək! Ölkəmizin gələcəyi böyütdüyünüz, yetişdirdiyiniz gəncliyin əllərindədir. Lütfən, bizi rüşvətxor, acgöz, qatil, vicdansız gələcəkdən qoruyun.

“Müəllim” sözünü sonuncu hərfinədək haqq edən müqəddəslər, sizin isə əllərinizdən öpürəm...