Müsavat Bakıdakı söküntüləri pislədi

musavat-bakidaki-sokuntuleri-pisledi
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, yığıncağın əvvəlində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilmiş tədbirlər haqqında fikir mübadiləsi aparılıb. Bakıda, İstanbulda, Ankarada, bir sıra xarici ölkələrin paytaxtlarında aksiyaların keçirilməsi və dünyaya önəmli mesajların verilməsi, o cümlədən, İctimai Palatanın fevralın 25-də keçirdiyi konfrans və fevralın 26-da keçirdiyi yürüş yüksək qiymətləndirilib. Hakimiyyətin İctimai Palatanın fevralın 26-da keçirdiyi yürüşə maneçilik törətməməsi ilə yanaşı, fədakar gənclərimizin Fəvvarələr meydanında keçirdikləri aksiyaya problem yaratması qeyd olunub. Divan Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılıması və bu cinayəti törətmiş canilərin məsuliyyətə cəlb edilməsi ilə bağlı işlərin kampaniya şəklində deyil, davamlı və sistemli qaydada aparılmasının zəruri olduğunu qeyd edib.

Gündəliyin ictimai-siyasi vəziyyətlə bağlı bölümündə ilkin olaraq müsavatçı vicdan məhbusu Elşən Həsənovun cəza müddətinin bitməsinə cəmi 38 gün qalmış həbsdən azad edilməsinə münasibət bildirilib. Divan iqtidarın bu addımını ümumən müsbət qiymətləndirsə də, Elşən Həsənovun demək olar ki, cəza müddətini tam həbsxanada keçirdiyini qeyd edərək bildirib ki, əgər hakimiyyətin vicdan məhbusları ilə bağlı xoş niyyəti varsa, bunu digər vicdan məhbuslarını gecikmədən həbsdən azad etməsi ilə təsdiq etməlidir.

Divan şəhər rəhbərliyinin fevralın 26-da cəmiyyətin diqqətinin Xocalı soyqırımının 20-ci ildönümünə yönəlməsindən istifadə edərək, “Qış bulvarı” deyilən ərazidə evlərin sökülməsinin davam etdirilməsini qınayıb. Qeyd edilib ki, uçurulması nəzərdə tutulan evlərin arasında Füzuli küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində yerləşən 39 saylı bina da var ki, həmin bina 1908-ci ildə İsa bəy və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa edilib və Nazirlər Kabineti tərəfindən tarixi memarlıq abidələrinin siyahısına salınıbmış.

Son günlər bir sıra aparıcı Qərb dövlətlərinin yazılı mətbuatında və televiziya kanallarında Azərbaycan iqtidarının korrupsioner və insan azadlıqlarının qənimi kimi kəskin tənqid edilməsini, ölkəmizin dünyada gedən demokratikləşmə prosesi içində olmasının və bu prosesin qaçılmaz olduğunun göstəricisi olduğu qeyd edilib.

Divan üzvləri Suriyada baş verən hadisələrin məntiqi sonluğa çatmaq ərəfəsində olduğu, mütərəqqi dünyanın Bəşər Əsəd rejiminin öz xalqına qarşı törətdiyi cinayətlərin qarşısını almaq üçün daha konkret və təsirli tədbirlər görməyi planlaşdırdığını bildiriblər. Suriya ətrafında baş verən beynəlxalq prosesdə Rusiyanın və Çinin mövqeyi qınanılıb, onların əliqanlı diktatoru açıq müdafiə etməsi, cinayətkar Bəşər Əsəd rejiminin məsuliyyətinə şərik çıxmaları anlamına gəldiyi qeyd edilib.