Mustafa Hacıbəylinin məhkəməsi oldu

mustafa-hacibeylinin-mehkemesi-oldu
Oxunma sayı: 1225

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının mətbuat katibi və Bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəylinin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə baxış iclası baş tutub. İclasda dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. M.Hacıbəyli özünü təqsirli bilmədiyini deyib və hazırkı mərhələdə ifadə verməkdən imtina edib. O bildirib ki, zərərçəkmişlər və şahidlər dindirildikdən sonra ifadə verəcək.

"Bastainfo.com" saytının əməkdaşları Heybət Əmrah, Könül Alıyeva və Rüfət Baxışov şahid qismində ifadə verərək sayt üçün ictimai əsaslarla yazı hazırladıqlarını deyiblər.

Proses yanvarın 29-da davam etdiriləcək.

M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. İttihama görə, M.Hacılbəyli Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə yazıları rəhbərlik etdiyi sayta yerləşdirib. Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər, narahatlıq keçiriblər.