Nazir Qəbələdə görüş keçirdi

nazir-qebelede-gorus-kecirdi
Oxunma sayı: 1404

Mədəniyyət naziri Əbülfəs Qarayevin Qəbələdə vətəndaşlarla növbəti görüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, Qəbələ şəhər Mədəniyyət Mərkəzində keçirilən görüşdə Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarının sakinləri iştirak edib. Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib. Şamaxı sakinləri mədəniyyət işçilərinə fəxri adların və mükafatların verilməsi, tarixi abidələrin restavrasiya olunması, Şamaxı Dövlət Rəsm Qalereyası üçün binanın tikilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

İsmayıllı sakinlərinin müraciətləri rayonda mədəniyyət işçiləri üçün kurort-sanatoriyanın tikilməsi, Lahıc folklor qrupuna “Xalq kollektivi” adının verilməsi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların sənətkarlarının və folklor qruplarının xarici ölkələrə səfərlərinin təşkili və başqa məsələlər barədə olub.

Qəbələ sakinləri İncəsənət məktəbində skripka sinfinin açılması, Ağsu sakinləri Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə tədris proqramına təkliflərini, Qobustan sakinləri rayonun Nərimankənd adlanan hissəsində eramızdan əvvəlki dövrə aid olan mağaralara inventar nömrəsinin verilməsi barədə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.