Nazirlik Əhmədinejadı Evinə buraxmadı

nazirlik-ehmedinejadi-evine-buraxmadi
Oxunma sayı: 635

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, İranın Ədliyyə Nazirliyi prezident Mahmud Əhmədinejadın Tehrandakı Evin həbsxanasını ziyarət etməsinə icazə verməyib. Nazirlik bu ziyarəti “məqsədəuyğun” hesab etməyib.

İran prezidenti bu ayın əvvəlində keçmiş müşaviri Cavanfikri ziyarət etmək istədiyini bildirib. Dünən prezident Əhmədinejadın məktubu ədliyyə nazirinə çatdırılıb. Məktubda prezidentin yaxın dostu ilə görüşmək istəyi əks olunub. Lakin Ədliyyə Nazirliyinin əməkdaşları prezidentin bu arzusunu həyata keçirməkdən imtina ediblər.

Bazar günü nazirliyin mətbuat katibi bildirib ki, ölkədə prezidentin görməli olduğu - iqtisadiyyatın acınacaqlı vəziyyəti, qiymətlərin kəskin qalxması və.s kimi daha mühüm işlər var. Bu kimi ziyarətlər isə ölkə rəhbərliyi haqqında xoşagəlməz fikirlərin yaranmasına səbəb ola bilər.

Bu hadisədən sonra Əhmədinejadın ədliyyə orqanlarındakı "hörməti" məsələsi yenidən gündəmə gəlib.

Qeyd edək ki, İran həbsxanalarında yalnız İslama qarşı olan insanlar deyil, eyni zamanda eks prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi də yatır. O, dövlət əleyhinə təbliğat apardığına görə 6 ay azadlıqdan məhrum edilib.

İran prezidentinin müşaviri və”İrna” dövlət xəbər agentliyinin rəhbəri Əli Əkbər Cavanfekri ötən il ali dini lider Əli Xameneyini təhqir etdiyinə görə o da 6 ay müddətinə azadlıqdan məhrum edilib.