Ölkənin yeni yolu: modernləşmə, inkişaf, islahat

olkenin-yeni-yolu-modernlesme-inkisaf-islahat
Oxunma sayı: 1945

Rusiyalı bəstəkar Georgi Svirilovun “Zaman, irəli!” adlı iki simfonik süitası var. Onlar yazıçı Valentin Katayevin Maqnitoqorsk metallurgiya kombinatının inşaatına həsr olunmuş eyniadlı romanı əsasında Mixail Şveyserin çəkdiyi “Zaman, irəli!” filminin musiqisidir.

Bu möhtəşəm süitaları dinlədikdə maşınların gurutlusu, çəkiclərin səsi, polad əridən domnaların qızmar həniri – biri sözlə, toxmaq və kotandan ayrılmağa başlayan Rusiyanın sənayeləşməsinin nəfəsinin melodiyası duyulur.

Fenomenal əsərdir.

Sənayedə və iqtisadiyyatda inqilabı yaşamış Sovetlər Birliyi insanları feodalizmdən birbaşa sosializmə adlamaq, kapitalizm mərhələsi olmadan irəliləmək niyyətində idi. Cəmiyyət qanunlarına zidd olan bu eksperiment alına bilməzdi və bolşeviklərin bütün səylərinə, məhv edilmiş milyonlarla insan və şikəst edilmiş talelərə rəğmən alınmadı da.

Bolşevizm ümumdünya inqilabı ideyasından əlahiddə ölkədə kommunizm idefiksinədək tənəzzül edib geriləyəndə kütlələrin şüurundakı ehkamlar da dəyişirdi. Dəyişilmə prosesində kütlədəki fərdlər ümumi şüurun qavrama bəlasından qurtulmaq, yaşamaqla bahəm, yaratmaq da istədiklərini desələr də, onları dinləyən yoxdu. Necə ki, İosif Stalin var olanda “ellər atası”, öləndə isə “millətin sonu” kimi qəbul olunurdu.

Və elə həmin zamanlarda Şərqdə bolşevizmin alternativi kimi Qərbin kütlələr arasında yayılmasına bilavasitə rəvac verdiyi “Şəriət dövləti” ideologiyası tam əks hərəkət vektorunu təklif edir, insanları imperializmin buxovlarından, kapitalizmin “əmtəə-pul-əmtəə” münasibətlərindən qurtularaq geriyə, “saf və təmiz dövrlərə”, orta əsrlərin “vilayəti-fəqih”inə qayıtmasını təklif edirdi.

Əvvəlcə Misirdə “Müsəlman qardaşlar” kimi yaranan, sonra Yaxın Şərqə BƏƏS partiyasının şüarları kimi yayılan, Mərakeşdən tutmuş, İndoneziyayaya kimi yayılaraq dünyanı “möminlər”in yaşadıqları “Darül-İslam” və “kafirlər”in yaşadıqları “Darül-Hərb”ə bölən ideologiya sonradan daha da inkişaf etdi, “İslam inqilabı” təmrini ortaya çıxdı, fikir oldu, sonra reallaşdı.

İndi dünyada dini zəminli parçalanmaların olmadığı deyilsə də, onların varlığı göz qarşısındadır və bütün bu “Ləşkəri-taibə”lər, “Dövlə İslamiyyə”lər, “Taliban”lar və qeyrilər kənardan idarə olunub kütləyə yaxın, doğma kimi sırınan bəlalardır.

O bəlaların tərs tərəfində “insan insanın canavarıdır” məşrusu ilə yaşayan imperializmin buz nəfəsi, insanı istehlakçı və cılız vahid sayıb əzən “qızıl milyard”ın dəmir dabanı var. 

Digər tərəfdə isə şovinizm ideyalarını dövlət siyasətinə pərçimləyən, sabiq Sovetlər Birliyinin sərhədlərini bərpa etməyə çalışan güclər.

Azərbaycan həmin ideya daşıyıcıları arasında bir ada təsiri bağışlayır. Stabillik, səbatlılıq, inkişaf və tərəqqi – budur ölkənin ideologiya kodları.

Ərazilərinin 20 faizi işğal olunan və Dağlıq Qarabağdan siyasi alver vasitəsi kimi istifadə olunmaq cəhdləri ilə üzləşən Azərbaycan çətin seçim qarşısında qoyulmuşdu: ya erməni işğalında olan ərazilərinin “böyük güclərin şəfqəti” hesabına azad olunmasına qol qoyub müstəqilliyini itirməli və metropoliyanın köləsinə çevrilməli, ya da işğal problemini, Dağlıq Qarabağ münaqişəsini özü həll etməyə çalışmalı idi.

Azərbaycan müstəqilliyini peşkəş etmək istəməyib çətin, amma şərəfli yolu, ləyaqətli mübarizəni seçdi.

Və bu yolda əzablar çəkdi.

Çünki xalq nə qədər qədim, millət nə qədər güclü olsa da, milli lider olmayanda ən güclü iqtisadi potensiala malik dövlət belə, zəifləyir.

Ukrayna, Moldova, Gürcüstan belə əzildi, parçalandı. Donbass, Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiya lidersiz ölkələrin məğlubiyyətləridir.

Azərbaycanı Heydər Əliyevin qüdrəti, intellekti və gücü xilas etdi, faktiki olaraq məhvdən qurtardı.

O illərin sınağından keçən məmləkətimiz çətinliklərə rəğmən, indi inkişafdadır.

Bədxahlarımızla içimizdəki yarıtmazlarımız etiraf etmək istəməsələr də, belədir.

Azərbaycanı orta əsrlər qanunları ilə idarə olunan dövlətə çevirmək istəyib İslamla pərdələnən siyasi hoqqabazlar, Qərbə kor-koranə sitayişi köləliyə bərabər tutan “avropafüruş”lar və daha kimlər, kimlər – onlar eyni cəbhədə birləşərək “Milli Şura” da qurdular. Ki, hakimiyyətə hər tərəfdən hücum edə bilsinlər.

Əksi oldu, hücumları öz məğlubiyyətlərinə çevrildi və indi Mədain xərabələrinə dönən illüziyalarının külünü oynadıb közərtməklə məşğuldurlar.

Ölkəmizsə əsrlərdən bəri gələn yolunda yeni mərhələni yaşayır. Yaşamın bu dövründə artıq yenilənmə, inkişaf və modernləşmə məqamıdır. Bütün bunlarınsa bir məcmusu var: islahat.

O islahat ki, dünya ölkələrində həmişə və hər zaman iki formatda olub: yuxarıların istəyi və aşağıların təkanı.

“Keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş verib. Aprel ayında prezident seçkiləri keçirilib və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərib. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdaram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfəsində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanıb. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcək”.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində belə dedi.

Novruz bayramından iki ay sonra ölkəmizin həyatında çox önəmli hadisə baş verdi. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Bu, tarixi layihədir. Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq. May ayında digər böyük layihə istifadəyə verildi, biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd etdik. Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanı Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə çevirib. Biz bu gün uğurla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Deyə bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə – Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir və bir çox təşəbbüslərin müəllifi olub.

İyun ayında digər tarixi hadisə baş verdi – TANAP qaz kəmərinin açılışı mərasimi keçirildi. Bu layihənin həyata keçirilməsi bütövlükdə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması üçün əsas şərtdir. Biz bu tarixi hadisəni uğurla qeyd etdik və bu gün Azərbaycan qazının əlavə həcmi TANAP xətti ilə dünya bazarlarına nəql edilir.

Biz keçən il üçüncü peyki orbitə buraxdıq və bir daha göstərdik ki, texnoloji baxımdan Azərbaycan çox uğurla, sürətlə inkişaf edir. Kosmik sənayenin inkişafı bizim prioritetlərimizdən biridir.

Keçən il biz regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasını təmin etdik. Proqram artıqlaması ilə icra edildi və üç proqramın icrası böyük dəyişikliklərə gətirib çıxardı. Biz demək olar ki, bütün infrastruktur layihələrimizi yenidən qurduq. Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir. Təkcə onu demək kifayətdir ki, biz üç proqram çərçivəsində elektrik enerjisini ixrac etməyə başlamışıq, ölkə daxilində təminat tam təşkil edilir. Baxmayaraq ki, əvvəlki illərdə biz idxaldan asılı idik. Biz qazlaşdırmanı 95 faizə çatdırmışıq və bu, dünya miqyasında ən böyük, ən yüksək göstəricilərdən biridir. Şəhərlərimizin əksəriyyətinə təmiz içməli su xətləri çəkildi və bu proses davam etdirilir. On beş min kilometr yeni yol çəkildi və Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə yol infrastrukturunun səviyyəsi, keyfiyyəti baxımından Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Sosial infrastruktur obyektləri inşa olundu, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikildi və ya yenidən quruldu. İki milyondan çox yeni iş yeri yaradıldı. Əhali isə 1,6 milyon artdı.

Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir.

Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var.

Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır.

Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri – Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış ediblər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır.

Münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın.

Əlbəttə ki, öz hərbi gücümüzü artırırıq. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirib. Bu il və bundan sonrakı illərdə biz ordu quruculuğu üçün nə lazımsa onu da edəcəyik. Bizim hərbi hissələrimizin demək olar ki, mütləq əksəriyyəti yenidən qurulub. Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz gündən-günə artır. Bu gün Novruz bayramını, o cümlədən Cocuq Mərcanlıda qeyd edirlər. Cocuq Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayıtması bizim tarixi nailiyyətimizdir. Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının əyilməz ruhunun təzahürüdür.

İlham Əliyev onu da vurğuladı ki, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başladı. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artıb. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artıb. Köçkünlərə verilən müavinət 50 faiz artıb. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır.

Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaq. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artıb. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artıb. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir.

Bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.

Ən başlıcası isə, Azərbaycanın dövlət başçısı ölkədə hakimiyyətin başladığı, gerçək sosial-iqtisadi inqilab və siyasi dəyişikliklər konsepsiyası olan islahatların daha da aktivləşəcəyini bəyan etdi.

İlham Əliyev dedi: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, – artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, – təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.

Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq”.

Biz də buna əminik, çünki ölkə sürətlə dəyişməyə başlayıb.

Elçin Alıoğlu