Ordumuz üçün bunları düşünməliyik!

ordumuz-ucun-bunlari-dusunmeliyik-
Oxunma sayı: 673

12 yanvar 2013-cü il əsgər ölümlərinə etiraz baxımından Azərbaycan tarixində özünəməxsus yer tutacaq. Buna heç şübhəmiz yoxdur. Həm də bu tarix o baxımdan diqqətəlayiqdir ki, həmin gün hər kəs siyasi mənsubiyyətindən asılı olmayaraq meydana çıxmışdı. Meydana çıxmışdı ki, əsgər ölümlərinə son qoyulsun. Bunun görünən və elə görünməyən tərəfi də elə bu idi. Oraya toplaşanların başqa məqsədi yoxdu və ola da bilməzdi. Ən azından etirazçıların böyük çoxluğu bu düşüncədən hərəkət edirdi. Və təsadüfi deyil ki, aksiyanı dağıtmaqla görəvləndirilmiş polislər də, əslində, etiraz edənlərlə həmrəy olduqlarını uca səslə dilə gətirirdilər. Bu hal, əlbəttə ki, yaxşıdır və nəticə də ürəkaçan hesab edilə bilər.

Lakin bundan ürək açmayan sonuclar çıxaranlar da varmış. Həm də marığa yatmış yırtıcı kimi həmin tədbirdən Azərbaycan ordusunu, Azərbaycanın döyüş qabiliyyətini aşağılamaq, ölkədə və xüsusən də əsgərlər arasında döyüş ruhunu aşağı salmaq üçün dəridən-qabıqdan çıxanlar bir az daha geniş hərəkətə keçiblər. Məqsədləri, anlaşılandır ki, heç də ölən əsgərin əzizlərinin dərdinə şərik çıxmaq deyil, dövlətimizi gözdən salmaq, Azərbaycan ordusuna güvəni sarsıtmaqdır bunların. Elə olmasaydı sosial şəbəkələrdə, əllərinin altında olan və əlləri çatan media orqanlarında “mən bu orduya oğlumu göndərmərəm”, “mən belə orduda xidmət etmərəm” kimi şüarları tirajlamazdılar. İndi bizim belə adamlara və onlara aldananlara durumu izah etmək kimi bir görəvimiz ortaya çıxmırmı? Çıxır əlbəttə!

Azərbaycan ordusunda hər şeyin yerində olduğunu iddia etmirik. Nizamnamə pozuntuları, əsgərlərə qarşı komandirlərin qanunsuz hərəkətləri, əsgərlərin öz aralarında olan və bəzən də ölümə qədər gətirib çıxaran acı sonuclardan hər birimizin xəbərimiz var. Biz onu da anlayırıq ki, dünyanın heç bir ölkəsində problemlərdən arınmış ordu yoxdur və əslində, belə bir şey mümkün də deyil. Çünki ordu dediyin gücün, zorun hakim kəsildiyi bir yerdir və bəzən bu zor insanın özünə qarşı da çevrilə bilir. Azərbaycan ordusu da bu baxımdan istisna deyil. Ona görə də baş verən əsgər ölümlərini bəhanə edərək gənclərin orduya sevgisini baltalayan çağırışlara son qoymaq lazımdır.

Biz ordumuzu sevirik və ona güvənirik! Biz ürəkdən inanırıq ki, ordumuzun içində bəzən üç-beş yaramaz varsa, onlarla bərabər bu Vətən, bu Dövlət və bu Millət üçün gözünü qırpmadan hər an canını verməyə hazır olan minlərlə, on minlərlə əsgər və zabitimiz də var!

Biriləri bu gün baş verən xoşagəlməz hadisələri bəhanə edərək gənclərimizi ordudan yayındırmaq yolu tutursa, demək, düşmənə işləyir! Çünki torpağı işğal altında, ana-bacılarının namusu tapdaq altında qalan bir millətin övladları hansısa bəhanələri rəhbər tutaraq öz ölkəsinin ordusundan yayınmaqda haqlı sayıla bilməz!

Orduya sən getmə, mən getməyim, o getməsin, bəs kim getsin?! Hansısa yaramaz komandirin yaramaz əməlinə, hansısa tərbiyəsiz ailənin tərbiyəsiz övladının orduda törətdiyi əməllərə görə bir millətin övladları ordudan yayınmalıdırmı? Həm də torpaqları işğal altında inim-inim inləyən bir millətin?

Bütün baş verənlərə rəğmən biz ordumuza, onun döyüş ruhuna güvənirik və inanırıq! Azərbaycan ordusu Güney Qafqaz bölgəsinin ən güclü ordusudur və düşmən də bu gerçəyi bizdən daha yaxşı dəyərləndirdiyi üçün onu yıpratmaq, gözdən salmaqdan ötrü, nə yazıq ki, içimizdəki baltaların da əliylə gecə-gündüz çalışmaqdadır. Bu gerçəyi anlamayan və ya anlamaq istəməyənlər bizdən deyil və ola da bilməz! Demək ki, bu gün orduya nifrət oyatmağa, ordunu gözdən salmağa hesablanmış çağırışlar səsləndirənlər Azərbaycana qənim kəsilənlərdir! Bunu hər kəs belə bilsin, belə anlasın! Elə isə orduya qarşı yönəlmiş çağırışlara bəzən bilməyərəkdən qoşulanların dərindən düşünməsi lazım deyilmi? Lazımdır!

Hər kəs düşünsün! Düşünsün ki, Azərbaycan torpaqları hələ də Ermənistanın işğalı altındadır! Düşünsün ki, hələ də erməni əsirliyində qalan qız-gəlinlərimiz, ana-bacılarımız var! Düşünsün ki, o torpaqları azad edib namusumuzu əsirlikdən qurtarmadıqca bizə rahat haramdır! Biz indi bunları düşünməliyik! Yoxsa hardasa bir əsgərin döyülməsini, öldürülməsini bəhanə edib Azərbaycan ordusunu yerdən yerə vuran və xəyanət yolu tutanların çağırışlarını deyil!