Oruc tutmaq istəyərsiz?- - Bunlara əməl edin

oruc-tutmaq-isteyersiz-
Oxunma sayı: 3879


“Qafqazinfo” xəbər verir ki, türkiyəli dietoloq Ramazan ayında mədə problemləri yaşamamaq və daha rahat oruc tutmaq üçün bir sıra məsləhətlər verib: "Bir çox insanlar gecə sahura durmadan oruc tuturlar. Amma bu orqanizm üçün bir sıra problemlər yaradır. Ramazanda onsuz da uzun olan aclıq gecə sahurda yemək yeyilmədikdə, daha da uzanır və halsızlıq, təzyiq, hipoqlikemiya (şəkərin aşağı düşməsi) və s. kimi problemlər əmələ gətirir. Bu səbəbdən mütləq şəkildə sahurda yemək yeyilməlidir. Amma sahurda ağır yeməklərdən qaçmaq lazımdır. Gecə orqanizmdə maddələr mübadiləsi yavaş getdiyindən orqanizmin yağlanma sürəti artır və çəkinin artması baş verir. Buna görə də, sahurda qızartma kimi çox yağlı və xəmirdən hazırlanmış məhsullardan istifadə etməmək məsləhətdir. Tərkibində zülal daha çox olan yumurta, süd, qatıq, pendir kimi ağartı məhsullarından ibarət səhər yeməyi yemək daha üstündür. Bu qidalar mədənin boş qalma vaxtını uzatdığı üçün aclıq hissini gecikdirir. Sahurda meyvə və tərəvəzlərdən istifadə etmək olar. İtirilmiş enerjini bərpa etmək üçün şərbətli məhsullardan istifadə etmək düzgün seçim deyil. Südlü və ya meyvəli yüngül tərkibli şirniyyatlar yeyilməlidir. Çay, kofe kimi kofein tərkibli və eləcə də, qazlı içkilərin çox qəbul edilməsi də yuxusuzluq əmələ gətirir, həzm və ürək problemləri yaradır".

İftarda qanda olan şəkərin miqdarı aşağı olur. Qısa vaxtda çox yemək istəyənlər daha diqqətli olmalıdır: "Yeməyə başlayarkən elə məhsullar seçmək lazımdır ki, qanda olan şəkəri birdən-birə yüksəltməsin. Yüngül və az yağlı yeməklərdən başlamaq lazımdır. Birdən-birə çox yemək boş mədənin həddindən artı yüklənməsinə səbəb olur. Beləcə, həzm prosesi çətinləşir, mədədə ağırlıq, turşuluq, yanma, bulantı, ani yuxulama baş verir, bağırsaqlarda qəbizlik, şişkinlik kimi problemlər yaradır. İftarı əvvəlcə bir xurma və ya zeytunla açmaq, daha sonra bir fincan su içmək lazımdır. Daha sonra ağartı və tərəvəz, eləcə də, şorba kimi yüngül yeməklərdən, az sonra az yağlı ət yeməkləri, tərəvəz və salatla davam edə bilərsiniz. Yeməkdən dərhal sonra çay, qəhvə və qazlı içkilər içmək doğru deyil.  Bu içkilər yeməkdən dərhal sonra istifadə edildikdə, bədəndə olan dəmirin sorulmasını azaldır. Buna görə də, yeməkdən təxminən bir saat sonra içilməsi məsləhətdir. Çay və ya qəhvə əvəzinə həzmə kömək olan bitki çaylarından istifadə etmək olar".

Əsma Birkol iftarda şirniyyat yeyənlərin də diqqətli olmasını vurğulayır: "Əgər şirniyyat yemək istəyirsinizsə, iftardan təqribən 2 saat sonra yeyin. Şərbəti çox olanların əvəzinə süddən hazırlanmış şirniyyatları və desertləri yemək lazımdır".

Tərcümə etdi: Kamil Əmirli