Polisə basqın edən tutulub

Polisə basqın edən tutulub
Oxunma sayı: 223

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, avqustun 20-də gecə saat 23.45 radələrində Maştağa qəsəbə sakini Ədalət Əliyevin sərxoş halda ailə üzvlərini ölümlə hədələməsi barədə 14-cü Polis Bölməsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında Polis Bölməsin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal sözügedən ünvana gedib. Lakin polis əməkdaşları Ədalət Əliyevi evdə tapmayıblar.

Hadisədən yarım saat sonra 14-cü Polis Bölməsinə gələn Ədalət Əliyev üzərindəki bıçaqla bölmənin tədqiqatçısı, polis baş-leytenantı Elməddin Köçəriyevi başından bıçaqlayıb. Əliyev həmçinin bu zaman öz həmkarının köməyinə gələn bölmənin məsul növbətçisi baş-leytenant Mətləb Məlikova da qolundan xəsarət yetirib. Lakin buna baxmayaraq həyata keçirilən tədbirlər nəticəsində Əliyev zərərsizləşdirilib.

Zahidovun sözlərinə görə, Əliyev ailə üzvlərini ölümlə hədələyərkən həyat yoldaşı Xalidə Əliyevanı öldürmək məqsədi ilə "Makarov" markalı tapançadan 3 dəfə atəş açıb.

Əliyevin yaşadığı ünvana baxış keçirən əməliyyatçılar oradan 1 ədəd tapança, 6 ədəd güllə, 1 ədəd güllə darağı və hadisə yerindən 3 ədəd giliz götürüblər.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi