Prezident başsağlığı verdi

prezident-bassagligi-verdi
Oxunma sayı: 2434

Azərbaycan prezidenti İlham Əliyev, dövlət rəsmiləri və elm nümayəndələri  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Abbas oğlu Ələsgərovun vəfatı ilə əlaqədar nekroloq yayıblar.

"Qafqazinfo" xəbər verir ki, nekroloqda qeyd olunur:

Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov 2018-ci il fevralın 18-də ömrünün 81-ci ilində vəfat edib.

Tanınmış memar və inşaatçı Abbas Ələsgərov həyatını quruculuq işlərinə sərf edib və Azərbaycanda tikinti-memarlıq kompleksinin inkişafına töhfələr verib. O, ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi və inşasının təşkili işlərinə rəhbərlik edib, yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində mühüm əhəmiyyətə malik bu layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərib. Bakı şəhərinin bugünkü simasını müəyyən edən bir çox binaların, yaşayış massivləri və komplekslərinin tikinti layihələrinin, eləcə də Milli Parkın baş planının hazırlanmasında onun özünəməxsus xidmətləri var.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri kimi Abbas Ələsgərov tarixi abidələrin qorunması, şəhərsalmada tarixiliklə müasirliyin vəhdətinin təmin olunması və tikinti işlərinin planlı qaydada aparılması üçün bütün qüvvə və imkanları səfərbər etməklə üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmış və göstərilən etimadı daim doğruldub.

Abbas Ələsgərovun respublikada memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, “Əməkdar mühəndis” və “Əməkdar memar” fəxri adlarına layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Abid Şərifov

Hacıbala Abutalıbov

Əbülfəs Qarayev

Ömər Eldarov

Elbay Qasımzadə

Rasim Əliyev

Dövlətxan Dövlətxanov

Gülçöhrə Məmmədova

Ərtegin Salamzadə