Prezident Cəlilabadda- - Yenilənib

prezident-celilabadda-
Oxunma sayı: 1289


"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında mərhum prezidentin abidəsi önünə gül dəstəsi qoydu.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, burada yenidənqurma işlərinə bu ilin mayında başlanılmışdır. İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Heydər Əliyevin parkda ucaldılan abidəsi yenisi ilə əvəz olunmuşdur. Qranitdən hazırlanmış yeni abidənin hündürlüyü 10 metrdir. Ümumi ərazisi 3 hektar olan bu istirahət məkanında iki fəvvarə quraşdırılmış, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınmışdır. Parkın ətrafında yerləşən bütün binalar təmir edilib.

***

İlham Əliyev Cəlilabadda “Fidan” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Son dövrlərdə bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə dövlət tərəfindən yüksək diqqət göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq bağçaları və körpələr evlərinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu da öz töhfəsini verir. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.

Azərbaycan Prezidenti binada yaradılan şəraitlə tanış olub.

Körpələr evi-uşaq bağçasında Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr vardır.

Məlumat verildi ki, binanın inşasına bu ilin fevralında başlanılmışdır. Tikinti işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün qüvvələr səfərbər olunub. 120 yerlik müasir tipli körpələr evi-uşaq bağçasının ümumi ərazisi 2,5 hektara yaxındır. Binada 20 otaq vardır. Burada həkim otağı, yeməkxana və uşaqların əyləncəsi üçün zal inşa edilmişdir. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcəkdir. Bütün otaqlar zəruri avadanlıqla təchiz edilmişdir. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılmışdır. Binanın həyətində müasir standartlara cavab verən attraksionlar quraşdırılmış, ətrafda geniş abadlıq işləri aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Dövlət başçısı tibb ocağının rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə İlham Əliyevə məlumat verib.

Bildirilib ki, xəstəxana ərazisində əsas binadan əlavə yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion şöbə tikilmişdir. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının inşasına Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncama əsasən başlanılmışdır. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir tələblər səviyyəsində tikilmişdir. Xəstəxananın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381 kvadratmetrdir. Üç mərtəbədən ibarət binada ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxanada laboratoriya, poliklinika şöbələri, rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar vardır. Burada nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərəcəkdir. Tibb ocağının 50 nəfərlik iclas zalı da vardır. Xəstəxana müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunmuşdur. Bir sözlə, burada yaradılan şərait yalnız cəlilabadlılara deyil, eyni zamanda, ətraf rayonların sakinlərinə də yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verəcək.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Həkim Nəzakət Nəzərli Azərbaycan Prezidentinə rayon sakinləri adından minnətdarlığını çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak edib.

Dövlət başçısı yolun tikinti işlərinin gedişini, eləcə də texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il sentyabrın 28-də imzaladığı Sərəncamla Prezidentin Ehtiyat Fondundan Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun inşasına ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdır. Yolun tikintisinə 2012-ci ilin oktyabrında başlanmışdır. Ümumi uzunluğu 34 kilometr olan yolun eni 8 metrdi. Dördüncü texniki dərəcəyə aid olan yolun inşası zamanı kommunikasiya məsələlərinə də xüsusi diqqət yetirilib, 33 su ötürücüsü tikilib.

Qeyd edildi ki, mövcud yol bir neçə yerdə sürüşmə zonasına düşdüyü üçün hündürlüyü 2-3 metrlik yamaclar kəsilib, sürüşmə zonasından 10 metr kənarlaşdırılmışdır. Yol 25 yaşayış məntəqəsini birləşdirir. Bu yolun istifadəyə verilməsi 50 mindən çox əhaliyə müasir səviyyəli nəqliyyat infrastrukturundan yararlanmağa imkan verəcək.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.