Prezident konfessiya nümayəndələri ilə görüşdü

prezident-konfessiya-numayendeleri-ile-gorusdu
Oxunma sayı: 661


“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Gürcüstan prezidentinin müşaviri Sofiya Şamanidi danışıb.

Onun sözlərinə görə, prezident görüşdə müxtəlif konfessiyaların nümayəndələrindən xahiş edib ki, onlar olduqları kilsələrdə, məscidlərdə, ailələrdə zorakılığına qarşı, erkən evliliyin fəsadlar törətdiyini, qadın və kişinin eynihüquqlu olması barədə daim söhbətlər aparsınlar. Prezident qeyd edib ki, dövlət bu barədə məsuliyyəti öz üzərinə götürür.

Görüşdə 2015-ci ilin Qadın İli elan olunmasının prezident tərəfindən dəstəkləndiyi bildirilib.

S. Şamanidi Saqareco rayonunda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə baş verən hadisələrə də münasibət bildirib: “Mən Saqareconun (Qaraçöp) Yor-Muğanlı kəndində ölüm hadisəsi baş verən ailədə olmuşam. Deyirlər ki, 14 yaşlı qızı qaçırmaq adət-ənənədir. Xeyr, bu düzgün deyil. Fikirləşirəm ki, burada heç bir ənənə yoxdur və din demir ki, qız erkən yaşında ərə verilsin. Əlbəttə, bir tərəfdən əgər belə hadisə baş veribsə, bu zaman gənci öldürmək olmaz. Ölkədə hüquq-mühafizə orqanları fəaliyyət göstərir. Onlara zəng edib baş verən hadisə barədə ətraflı məlumat vermək lazımdır ki, ciddi ölçü götürülsün. Baş verən ölüm hadisəsi barədə isə məhkəmə qurub, linç təşkil etmək olmaz. Bu heç bir normal ölkədə mümkün deyil”.

S. Şamanidi Gürcüstanda evlilik haqqında qanunun çoxdan qəbul edildiyini bildirib: “Gürcüstan qanununa görə, 18 yaşına çatan gənc evlənə bilər, lakin əgər gənclər 16 yaşında bir-birini sevib evlənmək istəyirlərsə, bu bir istisna olaraq, valideynlərin razılığı ilə həyata keçirilə bilər. Lakin qanun demir ki, 14 yaşında erkən yaşına çatmayan gənc qızla evlənmək olar. Bunu kim edirsə, cinayətə yol verir. Qanunda yalnız 18 yaşında evlənmək yazılıb və sadəcə olaraq demək istəyirəm ki, Gürcüstanda bu barədə çoxdan qəbul edilən qanun lazımi qədər qüvvəyə minməyib”, deyə prezidentin müşaviri vurğulayıb.