“Qadının satqınlığını bağışlamaq olmaz...” - Füzuli Musayev

qadinin-satqinligini-bagislamaq-olmaz
Oxunma sayı: 18857

“Hələ belə olmamışdı” adlı layihəmizin bu dəfəki qonağı fərqlidir.  Bu günə qədər qadın simaları çəkməyə üstünlük versək də, bu dəfə əks cinsin nümayəndəsini layihədə görmək istədik. Beləliklə, qonağımız karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik  Füzuli Musayevdir. 

F. Musayevlə söhbətimizdə onun gənclik illərindən, polis orqanlarında çalışmağından, ailə həyatından, hobbilərindən danışdıq. Musiqi sevdalısı olan məmur idmançımızın  ifa etdiyi mahnıları dinləməkdən zövq aldıq.

Onunla bağlı tez-tez özündən çox  razı olduğunu deyirlər, gəlin, Füzuli Musayevi bir də belə tanıyaq.

- Artıq ikinci dəfədir ki, evinizi mətbuata açırsınız. Adətən tanınmış şəxslər evlə bağlı məsələlərdə qapalı olur. Siz bu cəhətdən kompleksizsiz. Buna necə nail olmusunuz?

- Mənə elə gəlir ki, insan mətbuata açıq olmalıdır. Ələlxüsus da tanınmışlar! Gərək gizlənməyəsən, normal səviyyədə olan bir mediaya açıq olasan. Mətbuat üçün evimin qapılarını açmaqda heç bir problem görmürəm. 

- İşdən çıxıb evə tələsdiyiniz vaxtlar çox, yoxsa az olur?

- Evə tələsdiyim vaxtlar adətən çox az olur. Çünki işimi çox sevirəm. Bildiyiniz kimi, idman sahəsindəyəm. Fövqəladə Hallar Nazirliyinin İdman- sağlamlıq klubunun rəisiyəm.  İşim mənim həyatımdır. Artıq 10 ildir ki, idmanla bağlı məkanlara gedirəm. Evə geyimimi dəyişmək və yaxud yemək üçün gəlirəm. Təbii ki, ailəmlə bağlı məsələlərdə də evə tələsdiyim anlarım var. 

- Evinizi sadə dizayn etmisiniz... 

 -Mən Gəncədə böyümüşəm, gənclik illərim orada keçib. Əsgərlikdən qayıdandan sonra karate ilə məşğul oldum və bu səbəbdən Bakıya gəldim. Daha sonra ailə qurub Gəncəyə yollandım. 1992-ci ildən etibarən Bakıda yaşayıram. Elə evi də həmin il almışam. O vaxtdan bu evdə yaşayıram. 

- Mənziliniz şəhərin düz mərkəzində yerləşir...

- Bəli, evimin yerləşdiyi əraziyə söz yoxdur. Qismət elə oldu ki, “Sahil” metrostansiyasının yanında ev ala bildim. Səhərlər dostlarımla birgə “Bulvar”da velosipedlə gəzirik. Artıq “Bulvar”da genişlənib, velosipedi rahat sürmək imkanlarımız artıb. 

Məni tanımayanlar deyir ki, özümdən çox razıyam. Ancaq elə deyil, həyatı çox sevirəm. İstəyirəm ki, hər şeyi özüm edim. Evin dizaynı ilə bağlı peşəkarlara müraciət etsə də, öz fikirlərimi də bölüşmüşəm. Sadəliyi daha çox sevirəm. Evimdə böyük bir şey görməsiniz də insanın ürəyinə yatır. Şəxsən mənim xoşuma gəlir.

- Hər bir insan evin hər hansı bir küncü, otağı daha doğma olur. Siz özünüzü harada rahat hiss edirsiniz?

- Mənim sevdiyim güşə kaminin yanıdır. Hətta idmanla bağlı əşyalarımı da orada yerləşdirmişəm. İnsan evə girəndə rahatlıq tapmalıdır. Elə rahat olduğum yer də bu güşədir. 

- Deyəsən, içki kolleksiyanız var... 

-Hə, gördüyünüz içkiləri kolleksiya kimi yığıram. Hələ bu, kolleksiyanın bir hissəsidir. Bundan beş dəfə böyük kolleksiyam başqa yerdə var. Camaat getdiyi yerdən süvenir alırsa, mən içki alıb gətirirəm.  

- Qarşımızda 55 yaşlı bir bəy oturub. Maraqlıdır ki, siz yaşınızdan çox cavan görünürsünüz. Buna təkcə idmanla məşğul olmaqla nail olmusunuz, yoxsa genetikdir?

- Mənim yaşımı deməsəydiz, heç kəs bilməzdi. Bunun səbəbi düzgün qidalanmaq və məşq etməkdir. Deyərdim ki, gendən də irəli gəlir. Qardaş-bacılarıma da öz yaşlarını vermək olmur. Düşünürəm ki, insan heç vaxt yaşı fikirləşməməlidir. İnsan bunu düşündükcə özü-özünə yaş gətirir. Normal insan özünə baxmalıdır. Hər zaman çalışıram ki, səliqəli olum, özümə baxım. Bunu ən çox qadınlar edir. Kişilər özünə baxanda deyirlər ki, yaman çox özünə qulluq edirsən. 

- Bir insan ruhunun cavan qalmağı üçün nələr etməlidir?

- İnsan gərək yaşına uyğun həyat tərzi qursun. Həmişə insanın ruhu cavan olmalıdır. Heç kəs deyə bilməz ki, onun ruhu cavandır, ya yox. Gözə görünməyən bir şeydir.

Ancaq insanın xarici görünüşü onun ruhundan xəbər verir. Loru dildə desək, insan həyatı sevib yaşamalıdır, işlərini sevə-sevə görməlidir. Bu, insanın özündən asılıdır. İnsan özünü tez qocalda və ya cavan saxlaya bilər.   

- Füzuli Musayev həyatda ən çox nəyə aşiqdir? 

- Mən həyata aşiqəm. Yəni, insan var ki, bir mövqeyi olur və onu tutaraq yaşamağa başlayır. Mənim bütün sahələrdən anlayışım var. İdman mənim həyatımdır. Bundan əlavə, musiqini sevirəm, gözəl yemək bişirməyi bacarıram. Hətta, bu yaxınlarda Rusiyanın “Boeç” kanalında mənimlə bağlı 45 dəqiqəlik veriliş yayımlandı. Mən orada Azərbaycanın hər tərəfini göstərdim. Həm velosiped sürməyimdən, həm balıq tutmağımdan, həm də yemək bişirməyimdən danışdım. Gələn qonaqlara gözəl yeməklər bişirdim. Elə bir şey yoxdur ki, onu sevməyim. Sadaladığım hər şey professional səviyyəyə yaxındır. 

- 21 il polis orqanlarında çalışmısınız. Bu peşənin həyatınızda rolu nədən ibarətdir? Sizə hansı müsbət və mənfi keyfiyyətlər qazandırıb?

- Əvvəlcə onu qeyd edim ki, gənc yaşlarımdan hüquq-mühafizə orqanlarında çalışmağa həvəsim var idi. Hətta, məktəbdə oxuyanda polis, prokurorluq işçisi olacağımı deyirdim. Qismət oldu ki, 1986-cı ildə polis orqanlarına daxil oldum. 21 il orada çalışdım, akamediyanı bitirdim. Polkovnik-leytenant olaraq Fövqəladə Hallar Nazirliyinə daxil oldum. Gəncədə uzun müddət Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işlədim. Həddindən artıq cinayətkarlar və cinayətlərlə rastlaşırdım. Həyatımda bu işin rolu böyük oldu, düşüncələrim dəyişdi. Cürbəcür hadisələri görürdüm, amma düşünürdüm ki, doğrudanmı bunları insan edə bilər? 

- Qeyd edirsiniz ki, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində çalışmısınız.  Üstünü aça bilmədiyiniz cinayətlər çoxmu olub? 

- Təcrübədə qaranlıq qalan hadisələr çox olub. Gecə evə gedən zaman məni öldürmək istəmişdilər. Yaralanmışdım. 90-cı illərdə ölkədə qarışıqlıq idi. Hərənin bir silahı var idi. Koroğlu demişkən, “tüfəng çıxandan sonra kişilik kənarda qaldı”.  Həmin zamanlar məni istəməyənlər çox idi. Qolunun gücü ilə mənə yaxınlaşa bilməyənlər silaha əl atdı. Nakişi hərəkətlərlə məni öldürmək istədilər, amma alınmadı. Polis orqanlarında çalışmağım çox köməklik etdi. Sizə bir misal çəkim. Bir qız itmişdi, qardaşı bizə müraciət etmişdi. Qardaşı ağlayırdı. 7 ildən sonra məlum oldu ki, elə həmin qardaş bacısını öldürüb. İşin üstü açıldı, gəlib bacısını basdırdığı yeri göstərdi. Belə hadisələri görəndə adam məəttəl qalırdı. 

- Niyə Azərbaycanda polisə qarşı münasibət birmənalı deyil? 

- Bizim peşəkar işçilərimiz çoxdur. Çox insan polisdən razı olmaya bilər. İnsan gərək qanuna riayət eləsin ki, polisdən razı qalsın. Mən özüm də kiçik qanun pozuntuları edirəm. Elə insan yoxdur ki, qanunu pozmasın. Polisi istəməyənlərin 90 faizi normal düşünmür. ABŞ-da polislərin insanlarla münasibətini görmək lazımdır. O polislər qaradərili insanları öldürürlər, heç kəs də onların günahı olub-olmadığını sübuta yetirə bilmir. Əlində taxta silah görəndə belə cəzalandırırlar. Onlar üçün insan öldürmək problemli bir şey deyil. Mən fikirləşirəm ki, Azərbaycan polisi çox yaxşıdır. Bizim Qarabağa döyüşə gedən, ilk şəhid olan şəxslərimiz də polislər olub. Polis necə pis ola bilər? 

- Azərbaycanda idmançılar bir müddət sonra məmur olmağa can atırlar. Sizi də məmur hesab etmək olar. Bu postda özünüzü rahat hiss edirsiniz? 

- Hər bir insan istəyir ki, məmur olsun, vəzifədə çalışsın. Elə siz, bu gün jurnalistsiniz, bir müddət sonra baş redaktor olmaq istəməzsiniz? Bu, normal fikirlərdir. İdmançı, şəxsən mən Füzuli Musayevə başqa bir vəzifə təklif olunsaydı, razılaşmazdım. Hətta, belə bir şey polis orqanlarında çalışan zaman da olmuşdu. Yuxarı vəzifə verirdilər, razılaşmadım. Səbəbi isə həmin sahəni yaxşı bilməməyimdən irəli gəlirdi. Aşağı təbəqədə işimi öyrənmək istəyirdim, daha sonra vəzifə yenidən təklif olunsaydı, dəyərləndirəcəkdim. 

Ümumiyyətlə, məmur sözünü qəbul etmirəm. Mən sevdiyim işlə məşğulam. Bu gün olimpiya, dünya çempionu olmaq bir vəzifədir. İdmançı olmaq vəzifə deməkdir. 

- Heç olub ki, postunuzdan istifadə edərək kiminsə işinə əngəl törədəsiz?

- Bir zamanlar dünya çempionu olanda çox dedilər ki, xaricə get, orada çox pul verəcəklər. Mən isə cavab verirdim ki, bu torpaqda mənə edilən hörmət heç yerdə olmayacaq. Başqa idmançıların mənim nəticələrimdən çox uğuru olub. Lakin mən başqa olmuşam, qazandığım hörmət bəs edir. Bu, mənə vəzifəmdən istifadə etməyə imkan vermir. Yanımda 100-dən çox işçi var. Çalışıram ki, onlar arasında mehribanlıq yaradım. Düşünürəm ki, ömür boyu bu postda oturan deyiləm. Onlara deyirəm ki, sizin iki ailəniz var. Biri iş, digər öz eviniz. Çalışsınlar ki, vəzifələrindən düzgün istifadə etsinlər. Bayaq da qeyd etdim ki, kiçik qanun pozuntuları olur. Sükan arxasında yol polisləri bəzən məni saxlayır, cərimə yazmaq istəyirlər. Tanıyırlar, amma mən onlardan üzr istəyirəm. Çünki qaydanı pozmuşam. 

- 32 ilə yaxındır ki, ailəlisiniz. Həyat yoldaşınızla necə tanış olmusunuz? Evliliyinizi bu qədər müddət ayaqda tutan hansı hissdir?

- Çox gənc vaxtımda evləndim. Adi insanlar necə tanış olursa, bizdə də belə baş verdi. Səhv etmirəmsə, konsertdə idik. Daha sonra ailə qurduq. Artıq nəvəm var, 11 yaşı olub. Birgə və mehriban yaşayırıq. Düşünürəm ki, ailə hər bir insan üçün müqəddəsdir. Çox sevinirəm ki, mənim belə gözəl ailəm var. İnsan yaşlandıqca, keçmişinə daha çox qiymət verir. 

- Xanımınız nə işlə məşğuldur?

- Evdar xanımdır. 

- Sizin üçün həyat yoldaşı sözü nə ifadə edir?

- Elə siz dediyiniz kimi, həyat yoldaşı. Yol gedirsiz və onunla həyatınızı bölüşürsünüz.  Həyat yoldaşı sənə yaşadığın həyatda yoldaş olur. Çətin və yaxşı gündə bir olursan. 

- Bir qız övladınızı evləndirmisiniz. Qızınızın seçiminə qarışmısız, yoxsa həyat yoldaşını özü seçib? 

- Heç vaxt qarışmamışam. Özü seçib ailə qurub. Elə oğlumun da seçiminə qarışmıram. Oğlum hələ subaydır, nə vaxtsa gəlib seçdiyi xanımı bizə təqdim etsə, onunla razılaşacağıq. 

- Qızınızı gəlin köçürtsəniz də, hamınız  bir evdə qalırsız...

- Öz evləri var, sadəcə olaraq mən buraxmıram. Bir-birimizə çox öyrəşmişik. Ona görə də getməyini istəmirəm. Onlar da öz evlərində qala bilmirlər. 

- Bəs qarşı tərəf bu məsələyə necə baxdı?

- Heç bir şey demirlər. Nə mən, nə də onlar qarışır. Özüm qızımgilə demişəm ki, sizə qarışmıram. İstəyirsizsə gedin və ya qalın. 

- Nəvənizə vaxt ayıra bilirsiniz? 

- Təbii ki. Siz gəlməmişdən qabaq məşq etmişik. İmtahanı olacaq. Hazırlaşır, çox yaxşı bir müəllimi var. Ona kömək etməyə çalışıram. Mənə dedi ki, imtahanım olacaq, mən məşq edim, sən bax.  Görürəm ki, mən istədiyim dərəcədə deyil. Bir qədər özüm hazırlaşdırım. Tez-tez onunla gəzməyə çıxırıq. Ən çox suşi yeməyi sevir. Yeyirik, gəzirik. Doğrudan da nəvə başqadır. 

- Oğlunuz  nə işlə məşğuldur?

- Oğlum karate ilə məşğul olub, qara kəmərə kimi gedib. Gənclər arasında Azərbaycan çempionu oldu. Daha sonra professional idmançı olmağına icazə vermədim. İstəmədim ki, mənim yolumu getsin. Oxumaq lazımdır. İndi otelçilik və turizmlə bağlı sənəti var. Nəvəm istəyərsə, professional şəkildə məşğul olar. 

- Gənc ailələrdə zaman-zaman söz-söhbətlər yaranır. Siz bu zaman qızınıza, yoxsa kürəkənizə haqq qazandırırsız?

- Mən deyərdim ki, gənc ailələrə qarışmaq düzgün deyil. Elementar olaraq, özümüzdən götürək. Gənc yaşlarımızda öz sevdiyimizlə küsüb-barışırdıq. Heç kim qarışmırdı. Qarışan olan zaman vəziyyət dəyişə bilər. Şükürlər olsun ki, belə problemləri olmayıb, yəqin ki, bundan sonra olmayacaq. 

- Özünüz 7 uşaqlı ailədə doğulmusunuz. Hazırda ailənin ən çox yükü kimin üzərində cəmləşib?

- Oğlanlardan ən kiçiyi mənəm, 6-cı uşağam. Məndən sonra bacım var. İnsan formalaşana kimi həyatın çətin üzlərini görür. Mən də onlardan biri olmuşam. Düşünürəm ki, bu həyatımda ən vacib addım olub. Çətin günlərim olmasaydı, həyata belə qiymət verməzdim. Şükürlər olsun ki, bacım, qardaşlarım ailəlidir, nəvələri var. Mən hamısından kiçik olmağıma baxmayaraq, imkan daxilində hamısına yardım etməyə çalışıram. 

- Həyatınızda bir qədər qalmaqallar olub. Və siz bu qalmaqallardan yan keçə bilmisiniz. Bu çətin sınaqlardan çıxmaq çətin olmadı?

- Ümumiyyətlə, həmişə hər şeyin yaxşı olması yaxşı bir şey deyil. İdmanda olduğu kimi həyatda da hər şeyin pik və aşağı düşən halları var. Mübarizə olmasa, yaşamağın mənası da olmaz. Həyatda hər bir insanın problemləri olur. Sadəcə olaraq, təmkinli davranmaq lazımdır. İnsan düz olduğunu bilirsə, dediyi fikirlərin üstündə qalmalıdır. Və həmin fikirlərini sübuta yetirməlisən. İnsanın ən böyük sübutu elə özüdür. Öz-özünə sübut edirsə, zaman hər şeyi daha sonra ortaya çıxaracaq. Dünən bir hadisə olur, əsəbiləşirsən. Üstündən bir-iki saat keçəndən sonra sakitləşirsən. Səhəri gün özü-özünə deyirsən ki, dünən kiçik bir şeyə görə özündən çıxmısan. 

- Heç olubmu ki, həyatda öz qol gücünüzdən istifadə edəsiniz?

- Çox olub. Bunu bir neçə yerə yoza bilərəm. Karateylə məşğul olmamışdan əvvəl yaxşı dalaşan idim. Daha yaxşı dava etmək üçün karateni seçdim. Düzdür, heç kəsə sataşmırdım, söz atmırdım. Amma olduğum yerlərdə kimsə başqasına artıq söz deyəndə cavab verirdim. 3-4 nəfərlə dava edirdim. Hətta başıma maraqlı bir hadisə gəlmişdi. Məhəllə uşaqları arasında kiçik bir mübahisə olmuşdu. Mən də gəlib söhbətə daxil oldum. Onlarla dalaşmağa başladım. Birini, ikisini vurdum. Karate ilə dalaşırdım. Gördüm ki, bunlar çoxalmağa başladı. Biri qulağımın dibindən necə vurdusa... Daha sonra karate yadımdan çıxdı, kəndsayağı dava elədim, çıxdım aradan. Gördüm ki, karate dava üçün deyil. 

- Qadınlarda bağışlamayacağınız xüsusiyyət nədir?

- Qadının yalan danışmağını, satqın olmağını bağışlamaq olmaz. İnsan acı da olsa, hər şeyin düzünü deməlidir. 

- Nəyi etiraf etmək sizə çətindir?

- Nə deyim? Çox səmimiyəm, çox şey danışıram. Ancaq elə şeylər var ki, nə yada salmaq, nə də danışmaq istəyirəm. 

- İdmanla musiqinin incəsənət növü olduğunu demisiz, maraqlıdır niyə belə düşnürsüz?

- Mən məşğul olduğum idman incəsənətdir. Başqa idman növlərini müqayisə etmək olar. Gimnastika da bir incəsənətdir. Boks, güləş incəsənət növü deyil. Karatedə kata deyilən bir növ var, onu gözəl şəkildə göstərə bilərik. Bizim məşğul olduğumuz idman növündə bir fəlsəfə var. 

- Ən çox sevdiyiniz mahnı və musiqi hansıdır?

- Elə bir janr yoxdur  ki, qulaq asmayım. Şansonu da, öz musiqimizi də, muğamı da sevirəm. Musiqi sahəsində dostlarım çoxdur. İndiki dövrdə mənə görə bir nömrəli Alim Qasımov var. Estrada janrında sevdiyim insanlar var. Sevda Ələkbərzadə, Tünzalə Ağayeva mənim dostumdur. Röya Ayxanın hər mahnısını çox bəyənirəm. Bizdə istedadlı gənclər, ifaçılar çoxdur. Keçmişlərdən Stinq və başqalarının ifa tərzini bəyənirəm. Maykl Ceksondan tutmuş Uitni Hyustona qədər dinləyirəm. Hər bir insan musiqini sevməlidir. 

- Deyəsən, tək qalmağı sevmirsiz. Hətta tək qalanda musiqinin yadınıza düşdüyünü demisiz. Demək ki, daxilinizdə musiqiylə bağlı bir nisgil qalıb...

- Gənc vaxtlarımda musiqi ilə bir qədər məşğul olmuşdum. Bakıya gələndə iş tapa bilmirdim, çətinlik çəkirdim. Musiqiçi dostlarımla birgə ansamblda ifa etdim. Daha sonra “Qaya”nın solistinin qrupunda həm oxuyurdum, həm zərb aləti çalırdım. Rəhbərimiz deyirdi ki, yaxşı musiqiçi ola bilərsən. Seçim arasında qalmışdım. Amma seçimim karatedən yana oldu. Rəsmi olaraq, musiqidən uzaqlaşdım, ancaq qeyri-rəsmi olaraq daxilimdədir. Özüm də son zamanlar mahnı bəstələyirəm. İndi dəbdir, hamı bəstəkar olur. Amma mən belə deyiləm. Gitara ilə bir neçə mahnı bəstələmişəm, çox yaxşı alınıb. ”Aşıqlar” qrupu var, yaxın dostlarımdır. Onlarla bəstələrimi aranjeman edirəm. İnsan tək qalanda nə iləsə məşğul olmalıdır. 

-Depressiyaya düşdüyünüz hallar olub?

- Yox, depressiyaya düşmürəm. Kövrək ola bilərəm. Sizə deyə bilərəm ki, cəbhədə baş verən aprel hadisələrində, neftçilərimizin itkin düşdüyü anlarda kövrəlmişdim. Və yaxud kiminsə ailəsində nəsə problem olanda, mənə təsir edir. İstəməzdim ki, belə hadisələrin şahidi olum. Mən də insanam, kövrəlirəm. 

- Səyahəti sevirsiniz? Vaxt tapıb ən çox harada istirahət edirsiz?

- Çox getmişəm. İdman sahəsində olduğuma görə, bütün dünyanı gəzmişəm. Məsələn, Yaponiyada 8, Koreyada 15 dəfə olmuşam. Deyərdim ki, Yer kürəsini bir neçə dəfə gəzmişəm. Zaman var idi ki, il ərzində 10 dəfə xaricdə olurdum. Təyyarədə yatırdım, elə bil ki, evim idi, öyrəşmişdim. Təbii ki, haraya gedirdimsə, 1 həftə dözə bilirdim. Öz ölkəmə qayıtmaq istəyirdim. 

- Brend markalara müraciət edirsiniz? Geyimin marka olması sizin üçün önəmlidir?  

- 20-30 il bundan əvvəl heç kəs markaya baxmırdı. İndi isə zamanın tələbidir. Niyə mənim ilk maşınım “Jiquli” olub, indi “cip” sürürəm? Elə “Jiquli” sürərdim də... Düzgün deyil. Kim deyirsə, brend paltarlar geyinmək istəmir, ehtiyac yoxdur, bu, yalandır. Təbii ki, hər bir insanın imkanı çatmır. Mən isə imkanım çatdığı qədər brendə üstünlük verirəm. 

- Ən çox nəyə pul xərcləməyi sevirsiniz?

- Geyimlərimi bir-birindən ayırmıram. Necə ola bilər ki, ayağımdakı ayaqqabı başqa, saat isə bir başqa qiymətə, yəni, ondan 10 qat aşağı olsun? Elə bil, “Mercedes” sürürsən və ona “Jiquli” təkəri vurmusan. Yenə də deyirəm, heç kəs məni özündən razı kimi görməsin. İnsan özünə qiymət verməyi bacarmalıdır. İmkanın varsa, belə et. Yoxdursa, boyundan böyük hərəkət etmə. İndi ən çox kişilər saatlara üstünlük verirlər. Biznesmenlərin ən birinci önəm verdiyi şey saatdır. Onlar söhbət zamanı birinci qolundakı saata diqqət edirlər. Siz yəqin biznesmen deyilsiniz (gülür). 
Bütün geyim növləri bir-birini tamamlamalıdır. Saatı bir dəfə alırsan, bir neçə il taxırsan. Geyimi isə bir ildən bir dəyişirsən. Saat qaldıqca daha yaxşı olur. 

- Xasiyyətcə dəyişkən birisiniz?

- Yox, məni tanıyanlar bunu yaxşı bilir. Özünüz də müsahibələrimi görmüsüz, eşitmisiniz. Orada nə danışmışamsa, burada da eyni şeyləri demişəm. Zaman gəldikdə xarici görünüşüm dəyişəcək, daxilim isə heç vaxt dəyişməyəcək.

- Dadlı yeməklər bişirə bilmə bacarığınız haradan qaynaqlanır? 

- Öz-özümdən bişirməyi öyrənmişəm. İlk dəfə kababdan başladım. Kabab yeməyi çox sevirəm, bişirməyə cəhd etdim. Sonra alınmadı, bacarmadım. Bir neçə cəhdimdən sonra yaxşı bişirdim. Bir dəfə başqası bişirirdi, yanında durdum, götürmə qabiliyyətim olduğundan tez öyrəndim. Daha sonra qazan yeməklərini bişirməyə başladım. 

- Geyimdən əlavə, ən çox nəyə pul xərcləyirsiz?

- Yeyib-içməyə. Sevdiyim şeylərdən biridir. Son zamanlar belə şeyləri çox edirəm. İdmançılarımızı  bağa yığıram. Zəng vururam ki, sizinlə işim var. Heç kimə yeyib-içmək olduğunu demirəm. 5 yox, 15 nəfərə yemək bişirməyi sevirəm. Bu, bizdə ənənəyə çevirilir. İlk dəfə Avropa Oyunları ərəfəsində öz komandama bağda yeyib-içmək təşkil etdim. Şükür ki, yüksək nəticə əldə etdik. 2016-cı ildə Dünya Çempionatına gedirdik. Yenə də qonaqlıq verdim. Oradan da gözəl nəticə əldə etdik. İslam Oyunları ərəfəsində də idmançılar mənə dedilər ki, yeyib-içmək olacaq? Mən də dedim ki, hə, ənənəni pozmaq olmaz. 35 nəfərlik qonaqlıq təşkil etdim. Maşallah, gözəl nəticəmiz oldu. Həmişə bu ənənəmə sadiq olacam. Pulları belə şeylərə xərcləyirəm. 

- Xərclədiyiniz pulun maksimum həddi var? Məsələn, saatlara daha çox pul xərclədiyinizi söylədiniz...

- Saatlar da cürbəcürdür. Məsələn, 500 manatdan 100 min manat dəyərində satılan saatlar var. Hələ qudurmamışam ki, 100 minlik saat alım. Müəyyən bir yer var ki, almağa əlim gələr. Məsələn, sizin müxbirin saatı mənim saatımdan yaxşı görünür. Hər bir insan cibinə görə addım atmalıdır. İnsanlar var ki, “Mercedes” sürür, ancaq cibindəki pul onu göstərmir. Hiss olunur ki, o, lovğalanmaq üçün belə bir şey edir. Mənim üçün belə şey yoxdur. Sevdiyim şeyi edirəm. Dostlarımın əllərində 100 minlik saat ola bilər, ancaq dünyagörüşü dəyişmir. Heç vaxt nəyəsə qiymət qoymamışam, gücüm çatırsa, alıram. 

Günel Türksoy, Elvin Elxan
Video və foto: Nuran Məmmədov