Qarabağ Blokundan Rusiya hakimiyyətinə etiraz

qarabag-blokundan-rusiya-hakimiyyetine-etiraz
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, toplantıda qurumun qəbul etdiyi qərarların icra vəziyyəti, ölkədə ictimai siyasi vəziyyət və siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklərlə bağlı blokun ümumi mövqeyinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib. Müzakirələr nəticəsində Rusiyada keçirilən parlament seçkiləri və Azərbaycanda minimum əmək haqqının və bəzi büdcə təşkilatları işçilərinin əmək haqlarının artırılmasına dair blokun mövqeyini ifadə edən bəyanatlar qəbul edilib.
Siyasi partiyalar haqqında qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı fikir mübadiləsi aparan blok rəhbərliyi bu məsələ ilə əlaqədar təklif və rəylərini ümumiləşdirib və bu barədə yekun sənədin növbəti iclasda qəbul edilməsi qərarlaşdırılıb.

Qarabağ Bloku Rusiyada keçirilən parlament seçkilərinə münasibət açıqlayan bəyanat qəbul edib: “Qarabağ Bloku Rusiya Federasiyasında keçirilən son parlament seçkilərini azad olmayan, qeyri bərabər və qeyri demokratik seçki kimi dəyərləndirib. Belə ki, bu seçkilərdə demokratik siyasi qüvvələr seçkilərə buraxılmayıb, seçkilərdə iştirak etmiş siyasi qüvvələr və kütləvi informasiya vasitələri nümayəndələri, habelə seçkiləri müşahidə etmiş beynəlxalq missiyaların əksəriyyəti seçkilərin kütləvi saxtakarlıqla keçdiyini və hakim partiyanın lehinə nəticələrin saxtalaşdırıldığını elan ediblər.
Qarabağ Bloku hesab edir ki, Rusiyada keçirilən seçkilərin kütləvi şəkildə saxtalaşdırılması keçmiş SSRİ məkanı üçün pis presedent rolunu oynayır və buna görə də bu hadisəyə biganə qalmaq olmaz.

Qarabağ Bloku Azərbaycan müşahidəçilər qrupunun bu seçkilərin nəticələrinə müsbət rəy verməsini və dövlət başçısının bu münasibətlə Rusiya baş nazirini təbrik etməsini yolverilməz hesab edib və pisləyib.

Qarabağ Bloku seçkinin saxtalaşdırılmasına etiraz edən müxalifət fəallarının həbs edilməsini və onlara qarşı zorakılıqları qətiyyətlə pisləyib.

Qarabağ Bloku beynəlxalq təşkilatları Rusiyada baş verən son siyasi proseslərə daha diqqətli olmağa və hadisələrə beynəlxalq hüquq çərçivəsində adekvat və ədalətli qiymət verməyə çağırıb.”