Qarabağ üçün Putin teoremi

qarabag-ucun-putin-teoremi
Oxunma sayı: 1823

Asəf Quliyev

İndi dünyanın iki əsas yaralı nöqtəsi var. Əlbəttə ki, dünyada sözü keçənlərin maraqları prizmasından baxanda. Suriya və Ukrayna. Bizim maraqlarımız prizmasından baxanda isə təbii ki, Qarabağ münaqişəsini də bu siyahıya əlavə etməliyik.

Bizim üçün nə qədər arzuolunmaz olsa da, Ukrayna və Suriya böhranı fonunda Qarabağ heç diqqət cəlb etmir. Bir daha təkrar edirəm ki, dünyada sözü keçənlərin maraqları prizmasından baxanda.

İstər Suriyanın da daxil olduğu ərəb ölkələrində “inqilablar” başlayanda, istərsə də Ukraynada böhran pik həddə çatanda növbədə Azərbaycanın olduğunu düşünənlər və arzulayanlar vardı. Amma çoxları hələ də dərk etmir ki, söhbət nə növbəsindən gedir.

Amma indi mövzumuz başqadır. Keçək mətləbə.
Putin Əsədi Moskvaya çağırtdırdı.

Suriya böhranı başlayandan hətta öz ölkəsində də az-az görsənən prezident Moskvaya gəldi. Sözsüz ki, Əsəd öz təhlükəsizliyinə Putindən təminat alıb. Putin də bu təminatı rus silahına güvənərək verməyib. Bunu düşünmək sadəcə sadəlövhlük olardı. Putin bu səfəri razılaşdırıb. Çox güman ki, Obama ilə. ABŞ səfəri vaxtı.

Çünki məhz həmin səfərdən dərhal sonra Suriyanı bombalamağa başlamışdı.
Amma məsələnin başqa tərəfi də var. Razılaşma birtərəfli olmur. Deməli, Suriya məsələsi ilə yanaşı, başqa məsələlərdə də razılaşma əldə olunub.

Razılaşdırılmalı mübahisəli nöqtələrdən biri yuxarıda dediyim kimi, Ukraynadır. Amma Ukraynada ciddi proseslərin getdiyini söyləmək olmaz. İstər Qərb, istərsə də Rusiya mənbələri Ukrayna məsələsində əvvəlki fəallıqları ilə müqayisədə susqun görünür. Bu susqunluq münaqişənin dondurulacağı ehtimalını yaradır. Sözsüz ki, bunu razılaşmanın əlaməti hesab etmək olmaz.

Beynəlxalq münasibətlərdə məhz razılıq əldə edilməyəndə dondurulma variantı gündəmə gəlir. Deməli, Suriya ilə bağlı əldə olunan razılaşmanın qarşılığını başqa bölgələrdə axtarmaq lazımdır.

Sözsüz ki, Suriya və Ukraynanı Avropa və Asiyanın qovşağındakı üçbucağın tərəfləri hesab etsək, üçüncü tərəfin Qafqaz olması şübhəsizdir. Qafqazda ən həssas münaqişələrdən biri təbii ki, Ermənistan və Azərbaycan arasında yaşanır. Vaxtaşırı gərginlik artır və artıq atəşkəs rejimi olmasına baxmayaraq, minaatanlardan da atəş açılır. Və bəzi beynəlxalq ekspertlər bu atışmaların irimiqyaslı döyüşlərə keçəcəyi proqnozunu da verir.

Bütün bunları nəzərə alaraq ehtimal etmək olar ki, Suriya razılaşmasına qarşılıq olaraq Qafqaz və yaxud da Qarabağ razılaşması əldə olunub.

Nəzərə almaq lazımdır ki, bu münaqişəyə münasibətdə ABŞ, Rusiya və Avropanın mövqeləri bir o qədər də fərqlənmir. Deməli, Qarabağ məsələsində beynəlxalq güclərin razılaşması çox da çətin olmamalıdır.

Sözsüz ki, ABŞ və Rusiya arasında əldə olunan razılaşmanın ömrü uzun olmaya da bilər. Amma hələlik Obama prezidentdir və onun səlahiyyət müddəti sona çatana qədər müəyyən proseslərə start verilməsi ehtimalı var.

Əgər bu razılaşma varsa, sözsüz ki, müəllif Rusiyadır və yaxud da Putindir. Amma Putinin Suriya, Ukrayna, Qafqaz üçbucağı teoreminin həlli Qarabağ üçün ədalətli olacaqmı..?