“Qarabağ”dan yeni rekord

qarabagdan-yeni-rekord
Oxunma sayı: 1418

1992-ci ildən keçirilən Azərbaycan milli çempionatlarında yeni rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, ilk dəfə bir komanda ardıcıl 5 dəfə çempion olub.

Bu, bütün milli çempionatlarımızın iştirakçısı olan "Qarabağ"la gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bunu XXIV turda, yəni sona 4 tur qalmış "Sumqayıt"a səfərdə qalib gəlməklə reallaşdırıb.

Bunadək ardıcıl 4 çempionluqla bağlı rekord da elə “Qarabağ”a məxsus idi. Ağdam təmsilçisi 2014-cü ildən bu yana çempionluqları sıralayır.

Ümumilikdə isə "Qarabağ" 6-cı dəfə çempion olur. İlk çempionluq uzaq 1993-cü ildə Ağasəlim Mircavadovun dövründə qeydə alınıb. Bundan sonrakı 5 çempionluğu isə Qurbanov qazanıb.

Çempionluqda aşkar rekordçu isə "Neftçi"di - 8 dəfə. "Ağ-qaralar" 1992, 1996, 1997, 2004, 2005, 2011, 2012 və 2013-cü illərdə 1-ci olub. "Qarabağ" 6 çempionluqla 2-ci yerdə mövqeyini möhkəmlədib. "Kəpəz" 3 (1995, 1998, 1999), "Şəmkir" (2000, 2001), "Bakı" (2006, 2009), "İnter" (hazırkı "Keşlə", 2008, 2010), "Turan"la (1994) "Xəzər Lənkəran" (2007) hərəyə 1 dəfə çempionluq sevinci yaşayıb.