Qərbi Kaspi Universiteti məktəblilər arasında esse müsabiqəsi keçirib

qerbi-kaspi-universiteti-mektebliler-arasinda-esse-musabiqesi-kecirib
Oxunma sayı: 3099

Qərbi Kaspi Universiteti bu ilin fevral ayında məktəblilər arasında elan etdiyi esse müsabiqəsinə yekun vurub. 

“Qafqazinfo” xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 iliyinə həsr olunmuş müsabiqəyə 100-dən artıq məktəbdən 300-ə yaxın məktəbli müraciət edib, onlardan 200-ə qədər esse müəllifinin yazısı müsabiqə şərtlərinə uyğun olduğu üçün ikinci mərhələyə buraxılıb.

Universitetin filoloq müəllim və professor heyətindən ibarət münsiflər heyətinin qiymətləndirməsindən sonra ilk 3 yerin qalibi məlum olub. 

Qaliblərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə çıxış edən universitetin rektoru Andris Leitas məktəbliləri təbrik edib.

Rektor  Qərbi Kaspi Universitetinin məktəblilərin iştirakı ilə mütəmadi olaraq tədbirlər keçirdiyini diqqətə çatdırıb və qeyd edib ki, hazırda universitet Bakı və region məktəblilərinin iştirakı ilə robototexnika təlimlərini davam etdirir. Qərbi Kaspi Universitetində son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirildiyini diqqətə çatdıran rektor qeyd edib ki, bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub.

Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib, onlara  hədiyyə və sertifikatlar təqdim edilib.