Qısa yubkada, dizləri görünən şəkli istədi...

qisa-yubkada-dizleri-gorunen-sekli-istedi
Oxunma sayı: 1080

Aysu Kərimova

Ölkə eyni anda gah kütləvi kədərlənib matəm elan edir, gah da jazz-ın modern havasına əl-qol açıb, şıdırğı vurur. Qəribədi...Baş aça bilmirəm nə illah edirəmsə... Açığı günlərdi qarşılaşdığım, eşitdiyim eybəcər gerçəklər ürəyimi bulandırır, ciddi-ciddi əlimi-ayağımı hər həvəsimdən soyudur. 

Qadınlara qarşı fiziksəl və şüuraltı təcavüzlərdi narahatlığım. Hər gün evə gətirdiyimiz bədənimizdəki o saysız hesabsız heyvani baxışlar...

"Qadın – metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir" deyir, dahi Remark.

Bəs qadını cinsi obyekt kimi görmək nə deməkdir? 

Məlumdu, bu ölkədə qızlar ictimai məkanlara girib təcavüz edilir, boş avtobusa minir təcavüz edilir. Bu ölkədə pişiyə, itə, ördəyə hərislənmiş  kişilər var. Bu ölkədə məktəbdə oxuyan tələbələrə belə müəllimləri tərəfindən təcavüz edilib. Məsələ qısa ətək, şalvar, gecə çölə çıxmaq deyil. Məsələ təcavüz etmə haqqını özündə tapan beyinlərdədi.

Narahatlığımla bağlı etməyib tənbəllik, internetə göz gəzdirdim. Başlıqlardan ürpəndim. "Əmisi qızını zorladı və... fahişəyə çevirdi.“ Bu “damğa” onu ömür boyu izləyir”.

"Yuxarı sinif şagirdləri 7 yaşlı qızı zorladı" -Şamaxıda dəhşətli hadisə.

Bakıda görülməmiş olay : "Məktəb direktoru müavinini zorladı"

Və daha nələr, nələr...

Yox, qəti və əsla feminist bir çığır -bağırla yazıma davam etmək fikrim yoxdu. "İst"lər, "izm"lərdi elə bizi bu günlərə salan. Qul olmağın əlifbası burdan başlayır.

Qayıdım mətləbə. Fikirlərimizin ortaq dili olsa, imdad istəyərdi əminəm. Təcavüz dedikdə anında bədənsəl zorakılığı düşünməyin, rica edirəm. 

Keçənlərdə məlum səbəblərlərdən bir rəfiqəm orta statistik Azərbaycan gənci kimi iş axtarışındaydı. Uzun aradan sonra, bir dövlət müəssəsindən iş təklifi gəldi. Sevindik. Xəstə anasının adına, sonra bir az öz adına. Müəssisə müdirinin köməkçisi "işçi"sini canlı  görməzdən əvvəl bir şəklinə baxmaq istəyib. Qız da, təbii ki normal, səliqəli bir şəkil göndərib. Cavabında : "Yox, qısa yubkada, dizlərin görünən bir şəkil olsun lütfən". Əstəğfurullah, anlamıram. Həqiqətən anlamıram.  Bu ayağı düz olmayan işçi protokulu da əyri yazar ehtimalıdı yəni?" Yaxud sinəsi dik olmasa, "qlobal" mövzulara yastı yanaşacaq ideologiyası? 

Ayıb deyilmi hayata qıyıq gözlə baxan o gənc qızı cinsi obyekt etmək? 

Elə bu məsələyə sinirlərimi tab gətirməyə zorlayırdım ki, başqa bir tanışım bu əhvalatdan ürəklənib qarşılaşdığı bir başqa şərəfsizliyi danışdı. 

Belə ki, bu xanım bələd olduğum kompleksləri ilə bağlı "Endokrinoloq - Dietoloq"-a müraciət edib. Savadı, çox saylı pasientlərin "bəh bəh"lə müalicənin effektindən danışmaları qızın yolunu bu həkimdən salıb. Maraqlı bir paradoks isə klinikanın "nurçu"lara  məxsus olması imiş. Əlqərəz. Xanım normal şəkildə həkimlə zəngləşib gün təyin edir və deyilən vaxtda klinikada olub. Adətən özəl klinikalarda giriş haqqı qəbul şöbəsinə ödənilib, ödəniş qəbzi ilə içəri keçmək mümkün olur. Bu xanıma isə həkim "keç  otağa gəlirəm", qəbzini verib. Dəhşətdi. Müayinə Otağında (xəstənin) narahatlığın, şikayətin dinlədikdən sonra yoxlama adı ilə qızın bədəninə səyahət etməyə başlayır. Hələ bu azmış kimi cinsəl həyatı ilə daha yaxından maraqlanır. Və məlum olur ki, endokrinoloqumuz xanımı ilə yatağının yerini müayinə otağı ilə səhv salacaq qədər şüursuz bir debil imiş. Xülasə, qız qorxudan həkimin əlindən qaçıb dəhlizə. Yıxılıb, əli qırılıb. Klinikanın baş həkiminə dəfələrlə şikayət etməsinə baxmayaraq, klinikanin dindar heyəti həmişəki kimi malalamaqla məşğul olub.  "Yalnız sübut etdiyiniz halda onu işdən azad edə bilərəm", deyə cavabla da məsələni bağlayıb qoyublar bir kənara.  Yenə başa düşmürəm təcavüzün göz-qaşı olur? Bəlkə, rəngi olur? 

Nə uzunculuq edim, mövzu dərinləşdi. Daha ciddi üstünə düşüb həkimin digər xəstələri ilə əlaqə yaratmağa çalışmağımızla dəhşətə gəlməyimiz də bir oldu. Demə, yoxlanış üsullarına naşı olan qadınlara bu cür istifadəçi yaxınlıq cəhdləri heç də az deyilmiş. Üstəgəl, pasientlərin cinsəl həyatı ilə sıx maraqlanmaq səyləri və s... Əlbəttə dəfələrlə edilən şikayətlər cavabsız qaldı. Nəticədə sinirləri korlanan da, bir şərəfsizin cinsi istəyinin qurbanı da gənc bir qız oldu. Onun aldığı travma bütün həyatına kifayətdi. Deyilənə görə, qəhrəman təbibimizin iki övladı var. Uşaqlar hər ikisi lal və kardı. Yəqin, bu da Allahın qənim olma şəklidi...

 Bəlkə içimizdə, daxilimizdə "Mənə nə, mənə toxunmayan ilan min yaşasın deyirik". Fəqət dərk etmirik ki,  susqunluğumuz uçqun olub, bizi o müəssisələrə, xəstəxanalara, daha neçə-neçə bu kimi ortamlara sürükləyəcək.

Dərdin-qəmin əlində onsuz əsir yesirik. Bir də bunca şərəfsizliyə eyni ağızdan susan cəmiyyət adamın canın alır. 

Şair deyib də deyəcəyin

-Darıxma, düzəlməyəcək...