Qız uşaqları belə olur...

qiz-usaqlari-bele-olur
Oxunma sayı: 7892

Nərmin Dadaşova

Yaşadığım binanın birinci mərtəbəsində balaca  bir market var. Mənim qızlarımın sayəsində  qiymət artımı, devalvasiya, neft, dollar, qaz, heç nə bu marketə öz  mənfi təsirini göstərmədi. Çünki hər gün bağçadan evə gələndə qucaq-qucaq “ozmo”lar, rəngbərəng şarlar, çeşid-çeşid şirnilərlə səbətlərini doldurub dükan yiyəsini vəziyyətdən çıxarırlar. Onlara  belə zərərli şeylər aldığıma görə hər daim məni danlayan ataları, günlərin bir günü həmin dükandan qızlara dondurma alıb. Və beləliklə mənim torba-torba “şey-şüy” aldığım mağazanın adı qalıb “ata dondurma alan mağaza”. Çörəyimin duzu yoxdur, əziz oxucu, vallah  yoxdur...

Hə, qız uşaqları belə olur, atalarından gördükləri balacaca qayğını gözlərində böyüdüb dağ edirlər. Atalarının aldığı gəlinciklər daha gözəl, qələmlər daha rəngli olur. Atalarından eşitdikləri “afərin” sözünün qüruru daha böyük olur.  

Bu gün “Beynəlxalq qızlar günü”dür, əziz oxucu. Açığı, təqvimdə belə xüsusi bir günün olmasından o qədər də məmnun deyiləm. Çünki ha yandan baxsan, bu günün arxasında hüquqlarının müdafiəsinə ehtiyac olan,  mənəvi və fiziki şiddətdən qorunmaq istəyən – yəni  cəmiyyətin daha zəif, əzilmiş fərdi hesab olunanlar dayanır. Kişi-qadın ayrı-seçkiliyinin aradan qalxması, gender balansının bərpası üçün belə “seçilmiş” qızlar gününün olması ... nə bilim. 

Bu gün Azərbaycanda Beynəlxalq tibbi normalara görə  hər 100 qıza 112 oğlan düşür. Hə, əziz oxucu, o artıq olan 12 oğlan sənin məharətindir. Qohum-qonşuna özünü sübut eləmək eşqindir, yerini bərkitmək, başını dik tutmaq həvəsidir. O tərəzinin qolunu əyən 12 oğlan sənin eqonun məhsuludu “boşqosonon çoynondo gotmoson tobotom” iddiandır. Qoy getsin, arkadaş, qoy sənin tabutun onun-bunun çiynində getsin, öldürmə qızını bundan ötrü. Getdiyin yer eynidir onsuz da- torpağın altı.

Bir-iki gün əvvəl mənim gözəl qızım ondan nə qədər böyük olduğumu soruşdu. 20 yaş dedim. “Hiii” deyib içini çəkdi. “Sən məndən iyirmi dəfə çox görmüsən günəşi” dedi.  Həyata, yaşamağa, gəlib-keçmiş o acılı-şirinli günlərə belə münasibəti başqa kim göstərə bilərdi, əziz oxucu? Onlar gecələrin qaranlığını yox, günəşin işığını seçirlər, onlar bizi çiyinlərində  torpağa aparmırlar, onlar bizə yaşamağa kömək edirlər. Çay dəmləyirlər bizə, çay. Varmı bundan böyük həqiqət? Həyata qızılı-çəhrayı rənglərlə baxırlar qızlarımız.  

Mən hər gün qızlarımın saçlarını  hörürəm
Gözlərindən öpürəm
Bağrıma basıram 
Papaq toxuyuram qızlarıma, əlcək toxuyuram...
Lütfən, oğlunu gözəl böyüt sən də.
Yolmasın qızımın saçını
Göyərtməsin gözünü
Sıxmasın bağrından tutub divara...
Əllərini alsın ovuclarının arasında isitsin...

Qadın deyəndə ağlınıza nə gəlir? – gələcəyin anası, bir evin gəlini, bir kişinin arvadı, bir nəslin namusu,  sümbül zəmisi, başı qarlı dağlar, Xəzər dənizi, Atlantik okenanı və s.  Ancaq bu qədər uzatmağa nə hacət, əziz mən, qadın deyəndə “sevgi” sözünü düşünsən, bəs etməzmi?

Təqvimimizdə “Beynəlxalq qızlar bayramı” olsun,  qızlar. Kiminsə himayəsinə ehtiyacımız olmadan yaşayacağımız həyat arzulayıram özümüzə...

Gözəl günlərə...