Qızını ər üçün bəsləyən, bizimki deyilmi?

qizini-er-ucun-besleyen-bizimki-deyilmi
Oxunma sayı: 3353

Raminə Eyvazqızı

Bir neçə gündür, Türkiyə mediasına, ordan da bizə sıçrayan bir xəbər müzakirə olunur. Xəbər erkən nikahla bağlıdır. Hansı məsələ ki, bizdə də mübarizə olunacaq mövzu hesab edilir, sorağını adda-budda alırıq. Türkiyənin Diyanət işləri Bakanlığı- Dini İşlər üzrə Nazirliyi  adından yayılan xəbərin müzakirələrinin şiddət, nifrət və qəzəb doğuracağı da normaldır. Əslində hər şey  hansısa fətva, tövsiyə ilə bağlı deyil. Türkiyənin Dini məsələlər üzrə Nazirliyinin rəsmi səhifəsində "dini qavramlar lüğəti" adlı bölmədə-qız və oğlan uşaqlarının həddi-buluğa çatma yaşları qeyd olunmuşdu.

Qıcıq yaradan şərhə görə, qızlar 9 yaşında, oğlanlar 12 yaşında nikaha münasib sayılırlar. Bu onların fizioloji, bioloji imkanları ilə izah olunurdu. Qızlar o yaşda ana olma imkanına sahibdirlər. Elə ictimaiyyətin reaksiyası da bundan sonra başladı. Həmin şərhdən sonra  oğlan uşaqlarından çox, qız uşaqlarının 9 yaşında ərə verilməsi məsələsi haqlı narazılıqla qarşılandı. Hətta ölkənin bir neçə yerində etiraz aksiyası oldu. Ardınca nazirlik rəsmi internet səhifəsində etiraza səbəb olan "lüğət"i bağladı və yanlış məlumatın yayılması ilə bağlı rəsmi açıqlama verdi. 

TRT kanalında məlum nazirliyin rəsmisi, nazir köməkçisi Huriyə Martı çıxış edərək, dövlət idarəsinin erkən nikaha qarşı çıxdığını bildirdi. Az qala nazirlik camaatı anlaşılmazlıq üstündə danladı. Bəziləri üçün bu məsələ cəmiyyətin fikrini öyrənmək üçün atılmış addım idi, bəzisi üçün yersiz böyüdülmüş mövzu oldu, bəzisi həddi-buluq yaşlarının doğru şərh edildiyini müdafiə etdi, bir qrup bunu qız uşaqlarının istismarı hesab etdi, hətta xarici ölkə mediası da reaksiya göstərdi.  Amma məntiqlə düşünəndə adam yəqin edir ki, Türkiyədə belə bir məsələnin hər hansı halda haqlı çıxarılması mümkünsüzdür. Deyim nəyə görə. Bu gün Türkiyədə  uşaq və qadın hüquqları Azərbaycandan dəfələrlə yaxşı qorunur.

Hətta bu sahədə institutlar var. Daha böyük dövlət strukturu- Ailə və Sosial Politikalar Bakanlığı-Ailə və sosial siyasətlər Nazirliyi var. Həmin nazirlikdə isə erkən nikahla mübarizə proqramları var. Digər məsələ. Azərbaycanda olmayan daha bir vacib məsələ Türkiyədə  işləkdir. Bu qız uşaqlarının təhsilə cəlb edilməsi, qız uşaqlarının məktəbdən yayındırılmasına qarşı mübarizə məsələsidir, yenə də bizdən daha uğurla aparılan siayasətdir. Təkcə Türkiyənin televiziya kanallarında verilən bu mövzudakı sosial çarxlar belə bir nəticə çıxarmağa imkan verir. Türkiyədə məktəbə gedə bilməyən qız uşaqlarının statistikası aparılır. Bu da bizdə olmayan şeydir. 

Türkiyədə ailə quran qızların yaş həddinə baxsaq, orta rəqəmlə nikaha girmə yaşı 23-dən yuxarıdır. Hətta bu yaş getdikcə artır. İctimaiyyətin düşüncəsi isə çoxumuza məlumdur. Bildiyimə, eşitdiyimə, gördüyümə görə, Türkiyə elə bir cəmiyyətdir ki, insan, uşaq bir tərəfə qalsın, heyvana qarşı edilən bir mənfi hərəkət dərhal rezonans doğurur.  Ona görə ki, orada yenə də bizdən qat-qat çox etiraz etmə, fikir bildirmə mədəniyyəti və ənənəsi var. Yaxşı olardı ki, Türkiyənin halına yanmaqdansa, bizimkilər öz dərd-sərimizi müzakirə obyektinə çevirərdilər. Məktəbdən ağlaya-ağlaya çıxardılan qızlarımızın halına yanardılar, 7-ci sinifdən evə təhkim olunan qız uşaqlarından danışardılar, qohumbazlıq, dost-tanış hesabına ərə verilən qızlardan, hamilə vəziyyətdə evinə qaytarılan gəlinlərdən söhbət açardılar. Qızı yaşında gənclərə tamah salan kişiləri söyərdilər. 
***
15 yaşında qızını məktəbdən çıxardıb evdə ər üçün saxlayan ana da vaxtı ilə eyni aqibəti yaşayıb. Gələcək kürəkəni Rusiyada yaşayır. Kürəkəni qızından 11 yaş böyükdür, bəyin ordakı həyatından xəbərsizdir. Qazanc dalınca Rusiyada yaşayan oğulların heç də hamısı təmiz, əxlaqlı olur. Qızını ər üçün böyüdən cəmiyyətin bir üzvünə, qadına sual verəndə ki, kürəkənin sağlamlığı nə vəziyyətdədir, yəqin evlilik qabağı tibbi testdən keçəcəkdir. Qadının cavabı:"Bizə test yaraşmır, pulun verib alacağıq, tanıdığımız uşaqdır, xəstə olsa nə dəyişəcək ki." Bu cavab, cəmiyyətin 15 yaşlı qız uşağını çeynəməsi deyil, bəs nədir? Gəlin, bunu müzakirə edək.