QMİ Patriarxlıq ilə birgə konfrans keçirəcək

qmi-patriarxliq-ile-birge-konfrans-kecirecek
Oxunma sayı: 754


“Qafqazinfo” xəbər erir ki, idarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, QMİ-də baş tutan görüşdə qonaqları səmimi salamlayan Şeyxülislam A.Paşazadə Azərbaycan və Gürcüstan xalqları arasında mənəvi əlaqələrin tarixi əhəmiyyətindən və inkişaf istiqamətləri barədə söhbət açıb. II İliya həzrətlərinə hər zaman Qafqazın ağsaqqalı, müdrik dini lideri kimi böyük ehtiram bəslədiyini xüsusi vurğulayan A.Paşazadə Azərbaycan xalqının və onun dövlət rəhbərinin bu nüfuzlu şəxsiyyətə böyük dəyər verdiyini diqqətə çatdırıb.

Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın salamlarını və ən xoş arzularını QMİ sədrinə çatdıran patriarxın nümayəndəsi Mitropolit Gerasim Şaraşenidze Şeyxülislam həzrətlərinə Gürcüstanda böyük ehtiramın olduğunu və A.Paşazadənin gürcü torpağına ötənilki son səfəri zamanı bu qardaş münasibətin bir daha şəxsən şahidi olduğunu qeyd edib.

Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə yaxın aylarda dinlərarası dialoq və dini-mənəvi dəyərlərin qlobal problemlərin həllində rolu mövzusunda QMİ və Gürcü Patriarxlığının birgə beynəlxalq konfrans keçirməsi ideyası müzakirə olunub və bununla bağlı razılığa gəlinib.

Görüşdə Mitropolit Gerasimlə birgə Azərbaycana təşrif buyurmuş nümayəndə heyətinin üzvləri yepiskop Ramazi Kapanidze, teoloq Georgi Andriadze, QMİ-nin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Əli Əliyev iştirak ediblər. Görüşdə QMİ sədrinin müavinləri - Müfti S.Musayev, S.Həsənli, F.Nurullah, Q.Cavadlı, R.Əliyarlı, QMİ Aparatının rəhbəri S.Həsənov və İdarənin mətbuat xidmətinin rəhbəri R.Dadaşova iştirak ediblər.

Görüşün sonunda QMİ sədri qonaqlara xatirə hədiyyəsi təqdim edib.