Rafiq Tağı ilə bağlı - - Bəyanat

rafiq-tagi-ile-bagli-
Oxunma sayı: 1053

 

 “Qafqazinfo” həmin bəyanatı təqdim edir:

Rafiq Tağı 19 noyabr 2011-ci ildə kimliyi hələ də bəlli olmayan şəxslər tərəfindən bıcaqlanıb. Xəstəxanaya yerləşdirilən yazarın həkimləri onun ölüm təhlükəsini adladığını bildirsələr də, Rafiq Tağı noyabrın 23-də Kliniki Tibbi Mərkəzdə qəflətən vəfat etmişdi.

Kəskin tənqidi yazıları ilə tanınan, belə yazılarına görə bir vaxtlar cinayət cəzası almış yazarın qətli ilə bağlı 2011-ci ilin noyabrında qəsdən adam öldürməyə görə cinayət işi açılıb. Cinayət işinin istintaqının aparılması Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olunub. Qətlin istintaqı ilə bağlı hüquq mühafizə qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə xüsusi qrup da yaradılıb. Cinayət işinə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralov nəzarət edir.

Qətl olayından 2 ilə yaxın vaxt ötməsinə baxmayaraq, istintaq faktiki olaraq dayanıb. Hüquq mühafizə qurumları cinayətkarların tapılması ilə bağlı heç bir səmərəli addım atmayıb, qətlə yetirilmiş yazarın hüquqi varislərini, onların vəkillərini istintaqdan kənarda saxlayıblar.

 Zərərçəkənin yaxınlarının hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri müdafiə edir. Səmərəli araşdırma aparılmadığından iş üzrə cinayət təqibini həyata keçirən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən məhkəmə nəzarəti qaydasında Nəsimi Məhkəməsinə şikayət verilib. Vəkillər məhkəmədən xahiş ediblər ki, mərhum yazarın həyat yoldaşı Mailə Tağıyevanın zərərçəkmiş şəxsin (Rafiq Tağı) hüquqi varisi kimi tanınması haqqında, R.Tağının hərəkət trayektoriyasındakı müşahidə və təhlükəsizlik kameralarının lent yazılarının müvafiq təşkilat və idarələrdən alınması haqqında, sui-qəsd olayı baş verən ərazidəki mobil telefon lokalizasiyalarının və onların hərəkət trayektoryalarının mobil rabitə operatorlarından alınması, sürətlərinin müdafiə tərəfinə təqdim edilməsi haqqında qərar qəbul etsin. Vəkillər həmçinin, cinayət işinin başlanılması, tibbi ekspertiza təyin edilməsi haqqında qərarların sürətlərinin, mərhum yazarın xəstəlik tarixinin sürətinin onlara təqdim olunmasını təmin etməyi məhkəmədən xahiş ediblər. Nəsimi Məhkəməsi, ardınca Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd edib. Hazırda, qətl olayının istintaqının faktiki dayanması ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır.

Media Hüququ İnstitutu Rafiq Tağının qatillərinin hələ də tapılmamasını kəskin qınayır. MHİ istintaqın faktik olaraq durduğunu, istintaqla bağlı effektiv addımların atılmamasının hüquq mühafizə qurumlarının fəaliyyətilə bağlı ciddi narahatlıqlar doğurduğunu vurğulayır. MHİ hökumətə, cinayət təqibini həyata keçirən qurumlara müraciət edərək təxirəsalınmadan istintaqın hərtərəfli və effektiv aparılmasını, ən qısa zamanda qatillərin ədalətli məhkəmə qarşısına çıxarılaraq məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırır.