“Rütubət olsa, çətin olacaq”

rutubet-olsa-cetin-olacaq
Oxunma sayı: 650

Moldovanın “Şerif” klubunun baş məşqçisi Roberto Bordin Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, italiyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunun konfransı zalında jurnalistlərin suallarını cavablandırıb.

- Bakıda olmaqdan çox şadıq. Oyunun çətin keçəcəyini, “Qarabağ”ın güclü rəqib olduğunu bilirik. Buna baxmayaraq, sabahkı qarşılaşmaya hazırıq. Bizi sabah gözəl oyun gözləyir. 

- Cütün favoritini “Qarabağ” hesab etmək olarmı?

- Bəli. “Qarabağ”ın üstünlüyü ondadır ki, ilk matçı evdə oynayır. Ancaq səfər matçına hazırıq. Bizi Bakıda qolsuz heç-heçə qane edir. Cavab oyununda uğurlu nəticə qazanmağa çalışacağıq.

- “Qarabağ”ın hansı üstün cəhətlərini qeyd edə bilərsiniz?

- Hər şeydən öncə çox güclü rəqibdir. Topla oynamağı çox xoşlayır. Hücum etmək anını gözləyir. “Qarabağ”da futbolçuları fərdi planda fərqləndirmək istəməzdim. “Qarabağ” komanda kimi güclüdür, yaxşı hücumlar qurur.

- “Qarabağ”a qarşı hansısa sürpriziniz varmı?

- (gülür) Bunu indi demirlər. Sürprizlər oyun zamanı meydanda olur. 

 - Bakıya gələn rəqiblər adətən isti havadan şikayətlənir. Bəs siz necə?

- Biz Tiraspolda da isti havada oynayırıq. İsti olsa, hər iki komandaya problem yaradacaq. Bildiyimə görə, sabah hava küləkli olacaq. Rütubət olsa, hər iki komandaya çətin olacaq.

- Çempionatdan son turlarda xal itkirləriniz mənfi təsir göstərə bilərmi?

- Biz son turda axırıncı dəqiqələrdə qol buraxmaqla qələbəni əldən verdik. Artıq həmin oyunu unutmuşuq, gələcəyi düşünürük. Heyətimizdə zədəli futbolçu yoxdur.

- Azərbaycandan fərqli olaraq Moldovada yeni mövsüm başlayıb, artıq 3 tur arxada qalıb. Bu, “Qarabağ”la oyunlarda sizə əlavə üstünlük yarada bilərmi?

- Artıq vərdiş etmişik ki, bizi hər həftə 2 oyun gözləyir. Futbolçularımız sıx qrafikə öyrəşib. Onların bərpa olunmağa vaxtı olub.