“Sahibkarlara 170 milyon manat güzəştli kredit veriləcək” - Nazir

sahibkarlara-170-milyon-manat-guzestli-kredit-verilecek
Oxunma sayı: 1274

Mayın 25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, prosedurlar sadələşdirilib.

Nazirin sözlərinə görə, ölkədə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb, vergi və gömrük prosedurları sadələşdirilib.

“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb, özəl bölmənin payı artaraq ÜDM-də 84%-i, məşğulluqda isə 75%-i ötüb, 90 mindən çox müəssisə yaradılıb.

Hazırda 30 rayon üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması təşviq olunur. Xaçmaz, Şəmkir və Cəlilabad aqroparklarında 1-ci mərhələ üzrə işlər başa çatıb. 2018-ci ildə 15 aqroparkın istifadəyə verilməsi gözlənilir.

İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib. 2018-ci ildə isə qaytarılmış kreditlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur”, - deyə Ş. Mustafayev qeyd edib.

Sonra sahibkarlığın inkişafına həsr olunmuş “Dayanıqlı inkişaf. Güclü sahibkarlıq” filmi nümayiş olunub.

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, aqrar sahəin inkişafında sahibkarlığın rolundan bəhs edib, Azərbaycan dövlətinin daim sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.

Sonra Azərbaycanda sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxunub.

Konfransda çıxış edən sahibkarlar son dövrlərdə həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildiriblər.

Konfransın sonunda prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.