Şahin Mustafayev kollegiya iclası keçirdi

sahin-mustafayev-kollegiya-iclasi-kecirdi
Oxunma sayı: 1466

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında prezident 2018-ci ildə sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirıb.

Dövlət başçısı tərəfindən iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirilən 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1,5%, qeyri-neft sənaye məhsulu 9,1%, kənd təsərrüfatı 4,6%, əhalinin nominal gəlirləri 9,2% artıb. Əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub ki, bunun da 65,5%-i və ya 11 mlrd. manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. 2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 mlrd. dollar təşkil edib, ixrac 36% artaraq 19 mlrd. dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artıb və hazırda 45 mlrd. dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib.

Nazir vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. 
İqtisadiyyat Nazirliyinin ötən il gördüyü işlərdən danışan nazir Şahin Mustafayev qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası başa çatdırılıb. Dövlət başçısının tapşırığına əsasən, növbəti Dövlət Proqramının layihəsi hazırlanır və artıq işlər başa çatmaqdadır. Ötən il sahəvi dövlət proqramlarının, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilib.

Nazir qeyd edib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2018-ci ildə də yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.

Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.  
Şahin Mustafayev sənaye zonalarına yeni rezidentlərin cəlb olunması üçün təbliğat işlərinin, yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində işlərin sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə indiyədək 20 rayonda xalça fabriki açılıb. Bu il daha 11 xalça fabriki istifadəyə veriləcək.

5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi davam etdirilir və 2019-cu ildə fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi aparılır.